Beynəlxalq Valyuta Fondu (BVF) 2023-cü il “Dünya iqtisadiyyatının inkişaf perspektivləri”hesabatını açıqlayıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdirinin müavini Günay Quliyeva hesabatı şərh edərək bildirib ki, dünyada iqtisadi artım göstəricisi 2022-ci ilin 3.4 faizlik artımı ilə müqayisədə azalaraq, 2023-cü il üçün 2.8 faiz proqnozlaşdırılır. 2024-cü il üçün bu göstərici 3 faiz həddində sabitləşəcək.
Hesabatda göstərilir ki, qabaqcıl iqtisadiyyatlarda iqtisadi artım 2022-ci ildəki 2,7 faizdən 2023-cü ildə 1,3 faizə qədər nəzərə çarpan bir nisbətdə yavaşlayacaq. Maliyyə sektorunun pisləşəcəyi alternativ ssenaridə göstəricilər daha da aşağı düşərək qlobal iqtisadiyyat üçün 2.5 faiz, qabaqcıl iqtisadiyyatlar üçün isə 1 faizdən aşağı olacağı proqnozlaşdırılır. Hesabatda həmçinin əmtəə qiymətlərinin düşməsi fonunda inflyasiyanın 2022-ci ildəki 8.7 faiz həddindən 2023-cü ildə 7 faiz həddinə qədər azalması ehtimal edilir.
BVF hesabatında Azərbaycan üçün 2023-cü il üçün iqtisadi artımı 3 faiz həddində proqnozlaşdırıb. Həmçinin ölkə üçün verilən proqnozlarda cari hesablar balansının müsbət olacağı və cari hesab balansı üzrə profisitin ümumi daxili məhsula (ÜDM) nisbətinin 19,2 % səviyyəsində olacağını proqnozlaşdırır. Bu isə region ölkələri ilə müqayisədə çox yüksək göstəricidir.