İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Enterprise Azerbaijan portalı və ABŞ-ın Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi”nin birgə layihəsi olan “StartUp School”a müraciət üçün qeydiyyat başa çatıb.
Bu müddət ərzində müsabiqədə iştirak üçün 199 layihə müraciət edib. Startap məktəbində təhsil almaq üçün Azərbaycanla yanaşı Türkiyə (Bu ölkədən 28 layihə müraciət edib) başda olmaqla dünyanın müxtəlif ölkələrindən-Amerika Birləşmiş Ştatları, Almaniya, İrlandiya, Qazaxıstan, Pakistan, Mavritaniyadan layihələr qoşulub. “StartUp School” layihəsindən qeydiyyatdan keçənlər arasında 67,4%-i 15-25 yaş arasında gənclərdir. Müraciətçilər arasında 50 yaşdan böyük 3 nəfər və 15 yaşdan kiçik 2 nəfər də var. Layihəyə qoşulmaq istəyənlər daha çox təhsil, səhiyyə, sosial və digər sahələrə maraq göstəriblər.
Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva qeydiyyatın ilk günündən müşahidə olunan aktivlikdən məmnunluq ifadə edib. O bildirib ki, müraciət sayı bir daha sübut etdi ki, startap ekosistemində akademik biliklərə yiyələnmək gənclərin daha çox marağındadır. Onun sözlərinə görə müraciət edənlərin müxtəlif ölkələrdən olması, eyni zamanda layihəyə gənclərin böyük marağı sevindirici haldır.
Qeyd edək ki, “StartUp School” layihəsinin əsas məqsədi Azərbaycan gənclərinə ölkədə sahibkarlıq ruhunu və mədəniyyətini aşılamaq, innovasiyaları inkişaf etdirmək üçün onları akademik biliklərlə təmin etməklə sahibkarlıq və biznesin idarə edilməsi üçün startaplara dəstək olmaqdır.
“StartUp School” öz iştirakçılarını biznes və ya startap yaratmaq üçün təcrübə ilə təmin etməklə yanaşı sahibkarlarla ünsiyyət qurmaq, yeni bacarıqlar öyrənməklə qlobal startap icmasına daxil olmaq imkanı verir.
Nəzərinizə çatdırırıq ki, 28.03.2023-cü il tarixində saat 14:00-dan sonra www.startupschool.az , https://enterpriseazerbaijan.gov.az/ linklərinə daxil olaraq nəticələr ilə tanış ola bilərsiniz.
İlk seçim mərhələsində bütün layihələrə uğurlar diləyirik!