14 mart 2023, 16:17

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu Enterprise Azerbaijan portalı və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin birgə hazırladığı "StartUp School" layihəsinin təqdimatı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) keçirilib.

Təqdimatda açılış nitqi ilə çıxış edən DİA-nın “İnzibati İdarəetmə” fakültəsinin dekanı Elnur Əliyev startapların davamlı inkişafın hərəkətverici amillərindən biri kimi ölkədə rəqabətqabiliyyətli sahibkarlıq ekosistemi yaradılmasında rolu haqqında məlumat verib. Bu layihənin kadr potensialını formalaşdırmaqla insan kapitalının inkişafına töhfə verəcəyini söyləyib.

Daha sonra Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva gənclərə "StartUp School" haqqında məlumat verib. Layihənin əsas hədəflərinin dünyəvi tədris üsulları ilə yenilikçi gənclərin yetişdirilməsi, müasir işçi bazarında rəqabətə davamlı kadrların keyfiyyətinin yüksəldilməsi, kiçik və orta biznesin böyüdülməsinin stimullaşdırılması olduğunu vurğulayıb. 

Mentor Habil Əhmədov və layihə meneceri Nəzrin Əkbərova bildiriblər ki, “StartUp School” layihəsi öz iştirakçılarını biznes və ya startap yaratmaq üçün təcrübə ilə təmin etməklə yanaşı, sahibkarlarla ünsiyyət qurmaq, yeni bacarıqlar öyrətmək və qlobal startap icmasına daxil olmaq imkanı yaradır. Çıxışlar zamanı interaktiv olaraq tələbələrin sualları cavablandırılıb.

Daha sonra innovasiya və startup ekosistemi yaratmaq, gəncləri lazımi bilik və bacarıqlarla təmin etmək üçün Enterprise Azerbaijan portalı və DİA arasında gələcək əməkdaşlıqlar müzakirə olunub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az