İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Yaponiyanın “ROTOBO” təşkilatının nümayəndələri arasında görüş keçirilib. Görüşdə Azərbaycanın beynəlxalq yükdaşımalarda əhəmiyyətli rolu və nəqliyyat-loqistika imkanları müzakirə olunub.
İİTKM-in departament rəhbərləri Aqil Əsədov, Ayxan Qədəşov və Ayhan Satıcının iştirak etdiyi görüşdə qonaqlara son illər Azərbaycanda nəqliyyat-loqistika sahəsində həyata keçirilən layihələr barədə məlumat verilib. Bildirilib ki, yaradılan infrastruktur sayəsində Şərqi Asiya və Avropa ölkələri arasında yükdaşımada əməliyyat xərclərinin və müddətinin azaldılması istiqamətində müsbət nəticələr əldə olunub.
İkitərəfli görüşdə Rusiya və Yeni Müstəqil Dövlətlər Birliyi (YMDB) İqtisadi Tədqiqatlar İnstitutunun direktoru Daysuke Sayto, İnstitutun elmi işçisi Sayumi Mori və Meji universitetinin professoru İppey Machida Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını və bu sahədə araşdırmalar apardıqlarını bildiriblər.
Görüş zamanı həmçinin Şərqi Asiya ölkələrinin əsas ixrac mallarının, o cümlədən təbii sərvətlərin və kənd təsərrüfatı məhsullarının idxal və ixracında Orta Dəhlizin imkanlarına dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Yaponiyanın Rusiya və Yeni Müstəqil Dövlətlər Birliyi (YMDB) ilə ticarət Assosiasiyası (ROTOBO) 1967-ci ildə təsis edilib. Hazırda təşkilatın müxtəlif ölkələrin maliyyə, loqistika, istehsalat və xidmət sektorundan 200-dək üzvü mövcuddur.