02 iyun 2021, 12:00

BVF-nun ənənəvi “Qlobal İqtisadi Mənzərə” hesabatına əsasən Azərbaycanda iqtisadi artımın 2021-ci ildə 2,3 faiz, 2022-ci ildə isə 1,7 faiz olacağı proqnozlaşdırılır. Qurumun müvafiq proqnozlarına əsasən işsizlik səviyyəsi də növbəti iki ildə 6 faizdən aşağı olacaqdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov qeyd edir ki, qurumun daha öncə 2020-ci ilin oktyabr ayında açıqladığı hesabata əsasən Azərbaycanın 2021-ci il üzrə iqtisadi artım göstəricisi 2 faiz civarında proqnozlaşdırılırdı.

Eyni zamanda qurum cari əməliyyatlar balansı üzrə proqnozları da pozitivə doğru yeniləmişdir. Belə ki, cari əməliyyatlar balansının defisitinin ÜDM-ə nisbəti 2021 və 2022-ci illərdə müvafiq olaraq 3,6 və 4,4 faiz olaraq proyeksiyalaşdırılırdısa, yeni hesabatda müvafiq defisit profisitlə əvəz olunmaqla 1,1 və 0,5 faiz ətrafında qiymətləndirilmişdi.

Departament rəhbəri Ayaz Müseyibov bildirir ki, hesabatın təhlili növbəti iki ildə ölkədə makroqitisadi canlanmanın qurum tərəfindən qeydə alınacağını göstərir. Onu da qeyd edək ki, qurumun 26 yanvar tarixli dünya iqtisadiyyatının gələcəyi ilə bağlı daha öncəki analoji hesabatında da Azərbaycanla bağlı pozitiv siqnalların olacağı bəlli idi.

Qlobal iqtisadiyyat üçün də iqtisadi artım proqnozları artırılmışdır və 2021-ci ildə 6 faiz, 2022-ci ildə isə 4,4 faiz artım gözlənilir. Qeyd edək ki, daha öncəki hesabatla müqayisədə bu göstəricilər, müvafiq olaraq, 0,8 və 0,2 faiz bəndi daha yüksəkdir.

Beləliklə, 2020-ci ilin dekabr ayından başlayaraq vaksinasiya proseslərinin güclənməsi ilə birgə pandemiyanın bitəcəyi ilə bağlı proqnozlar və ABŞ və Yaponiya kimi böyük iqtisadiyyatlarda ilin sonunda qəbul edilmiş iqtisadi dəstək siyasətləri qlobal iqtisadiyyatın canlanmasını sürətləndirib. Eyni zamanda Azərbaycan kimi inkişafda olan, gənc iqtisadiyyat ölkələrinin qəbul etdiyi fiskal və monetar antişok tədbirləri də müvafiq proqnozlarda müsbət məqamlar kimi inikasiya olunmaqdadır.

Azərbaycanın iqtisadi artımı və retinqləri ilə bağlı digər mühüm bir məqam da onunla bağlıdır ki, "Moody's" Beynəlxalq Reytinq Agentliyi də Azərbaycanın emitentin və üstün hüquqa malik təmin edilməmiş borc üzrə uzunmüddətli reytinqlərini "Ba2" səviyyəsində stabildən pozitivə doğru dəyişib. Pozitiv mənzərə daha çox idarəetmə və siyasət effektivliyinin artırılması ilə bağlıdır və bu ölkənin kredit profilini daha da yaxşılaşdıra bilər. Qurumun analitiklərinin mövqeyinə əsasən monetar və makro siyasət çərçivəsinin gücləndirilməsi bank və xarici sektorun şoklara qarşı dayanıqlılığını artırmağa, likvidlik və xarici sektorun risklərinin mitiqasiyasına xidmət edəcəkdir. Qeyd edək ki, Agentlik daha öncə də Cənub Qaz Dəhlizi QSC-nin reytinqini də pozitivə doğru dəyişmişdir.

Hər iki qurumun hesabatında Azərbaycanla bağlı növbəti illərdə iqtisadi artımın baş verməsi ilə bağlı proqnozların pozitivə doğr dəyişilməsi gələcək inkişaf üçün imkanların olduğunu da göstərir. Bu baxımdan, Milli Prioritetlər Sənədi çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişaf yollarının yenidən dizayn edilməsi, işğaldan azad olunmuş torpaqların reinteqrasiyası ilə bağlı yeni investisiya və bərpa siyasəti, dövlət proqramlarının tərtibi və monitorinqi ilə bağlı qaydaların qəbulu, dövlət nəzarətinin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması ilə bağlı müvafiq tədbirlər, ümumilikdə isə strateji idarəetmə siyasəti çərçivəsində iqtisadi addımların realizasiyası bu göstəricilərin daha da yaxşılaşmasına xidmət edəcəkdir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az