İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin
departament rəhbəri Ayaz Müseyibovun şərhi
Məlum olduğu kimi Dünya Bankı “Doing Business” hesabatlarının nəşrini tamamilə dayandırmağa qərar verib. Daha öncə, 2020-ci il 27 avqust tarixində açıqlanmış press-relizdə hesabatda nəticələrin saxtalaşdırıldığı əsas gətirilərək bu hesabatın nəşrinin təxirə salındığı bildirilib. Öz yüksək daxili etik dəyərlərinə əsaslanaraq Dünya Bankı hesabatlardakı yalnışlıqların aradan qaldırılması məqsədi ilə kənar audit şirkəti (WilmerHale şirkəti) də cəlb edərək son 5 ilin sistematik həm daxili, həm də xarici audit qiymətləndirilməsini aparıb.
Aparılan araşdırmalar onu göstərib ki, əgər Dünya Bankı tərəfindən 2020-ci il üzrə hesabatda nəticələr saxtalaşdırılmasaydı Çin 7 pillə, Səudiyyə Ərəbistanı 1 pillə geri mövqedə, BƏƏ olduğu mövqedə, Azərbaycan isə 6 pillə daha ön reytinqdə qərarlaşacaqdı.
Aparılan audit yoxlamalarının nəticəsindən çıxarış
Audit yoxlamalarının nəticəsi olaraq hazırlanmış hesabatda düzəlişlər edildikdən sonra Azərbaycanın göstəricisi 6 pillə artmaqla 34-dən 28-ci mövqeyə yüksəlib.
Qeyd edək ki, Doing Business hesabatlarında bir sıra hallarda ölkələrə qərəzli yanaşılması barədə dünya mətbuatında daha öncə də fikirlər əks olunub. Hazırda aparıcı dünya mətbuatı aparılan diaqnostik qiymətləndirmələr zamanı bank rəhbərliyinin bəzi ölkələrin xeyrinə nəticələrin süni formada yüksəldilməsi göstərişi verdiyini qeyd edir. Belə ki, burada quruma investisiya artırılması amillərinin bir sıra ölkələrin nəticələrinə təsir etdiyi barədə iddialar səsləndirilir.
Bununla yanaşı, Reuters və Kommersant kimi aparıcı mətbu orqanlar Azərbaycanda aparılan islahatların “Doing Business” hesabatlarında qərəzli şəkildə nəzərə alınmadığından yazır. Burada xüsusi ilə qeyd etmək lazımdır ki, nəticələrin hesabatda doğru əks olunmadığı bildirilən 4 ölkə (Səudiyyə Ərəbistanı, BƏƏ, Çin və Azərbaycan) arasında yeganə olaraq Azərbaycanın göstəricilərinin qurumun bəzi ekspertləri tərəfindən süni qaydada azaldıldığı, aparılan bir sıra islahatların hesabat üzrə qiymətləndirmələrdə üzə çıxmadığı məlum olub.
Onu da qeyd edək ki, gələcəkdə Dünya Bankı tərəfindən biznes və investisiya mühitinin qiymətləndirilməsi məqsədi ilə yeni yanaşmalar əsasında metodologiyaların və qiymətləndirmələrin aparılacağı və ölkələrdə investisiya və biznes mühitinin inkişafına Dünya Bankının sadiq qaldığı anons edilib.