15 oktyabr 2021, 15:15

Azərbaycan iqtisadi artım tempi aybaay sürətlənir. Bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. Onun sözlərinə görə, 2021-ci ilin ilk 9 ayında Azərbaycanda ÜDM-in artım tempi 6,2 faiz böyüyən qeyri-neft sektorunun drayverliyilə 4,8 faiz qeydə alınıb: “BVF Azərbaycan iqtisadiyyatının bu il 3 faiz artmasını proqnozlaşdırır ki, bu da əvvəlki proqnozları üstələyir və milli iqtisadiyyata güvənin artmasını göstərir. Lakin milli iqtisadiyyatın artım tempi həm BVF-nin, həm də Dünya Bankının proqnozlarını əhəmiyyətli şəkildə üstələyir. Artıq Azərbaycanda iqtisadi artım tempi “Dünya iqtisadi icmalı”nda Orta Şərq və Mərkəzi Asiya üçün proqnozlaşdırılan 4,1 faizlik həddi üstələyib.”

Vüsal Qasımlı bunun əsas səbəbini yüksək sənayeləşmə tempində görür: “Azərbaycanda ÜDM istehsalının 40,1 faizi sənayenin payına düşür ki, bu da orta dünya göstərici 24,8 faizdən əhəmiyyətli üstündür. Müqayisə üçün deyim ki, sənayenin ÜDM-də payı Mərkəzi Avropa və Baltik ölkələrində 27,2 faiz, Avrozonada 21,5 faiz və OECD ölkələrində isə 21,1 faizdir. Azərbaycanda sənayenin strukturunda da qeyri-neft-qaz sektorunun xüsusi çəkisi daha sürətlə artır. Azərbaycan dördüncü sənaye inqilabının tələblərinə uyğun inkişaf edir.”

V.Qasımlı post-konflikt quruculuğu, həmçinin tədiyyə və icmal büdcə balanslarının profisiti şəraitində makroiqtisadi fundamentalların iqtisadi artımı stimullaşdırdığını qeyd edib: “BVF-nin proqnozlarına əsasən Azərbaycanın cari əməliyyatlar hesabının ÜDM-ə nisbəti 2021-ci ildə 7,8 faiz təşkil etməklə Orta Şərq və Mərkəzi Asiyanın eyniadlı göstəricisi – 1,7 faizdən əhəmiyyətli şəkildə üstün olacaqdır.  Proqnozlara görə Azərbaycan cari əməliyyatlar hesabının ÜDM-ə nisbəti göstəricisinə görə 2021-ci ildə Orta Şərq və Mərkəzi Asiya bölgəsində ilk üçlükdə qərarlaşacaqdır.”

Azərbaycan post-neft dövrünə hazırlaşsa da, hazırda enerji bazarlarında yaşanan problemlərin fonunda neft-qaz ixracatçısı statusunu inamla qoruyur və ciddi təhdidlərlə üzləşmiş Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirir: “Dünyada təchizat zəncirlərində yaşanan problemlərin fonunda Azərbaycanın Şərq-Qərb dəhlizinin üzərində yeni bir arteriyanın – “Zəngəzur dəhlizi”ni gerçəkləşdirməsi təkcə ölkəmizin deyil, regionun iqtisadi artım potensialına töhfə verə bilər.”


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az