11 may 2022, 15:15

Azərbaycanın qeyri-neft ixracatı 2022-ci ilin yanvar-aprel ayları üzrə 38,5% artaraq 965,5 milyon ABŞ dolları təşkil edib. Qeyd etməliyik ki, bu göstərici 2021-ci ilin müvafiq dövrü üzrə 696,9 milyon ABŞ dolları dəyərində olub. Sevindirici haldır ki, qeyri-neft ixracının tərkib hissəsində hərəkətverici məhsullar ötən dövr ilə müqayisədə orta və daha dərin emal edilmiş məhsullar ilə əvəz edilməyə başlayıb. Habelə, “zəngin məhsullar zəngin ölkələr üçün” prinsipini nəzərə alsaq, qeyd edilən emal məhsullarının Avropa Birliyi ölkələrinə, habelə digər sənayeləşmiş ölkələrə ixracının şaxələndiyini müşahidə edə bilirik. Xüsusilə, üzvi kimya sənayesi strukturunda yer alan metanol, plastmaslar və onlardan hazırlanan məmulatlar qrupuna daxil olan ilkin formalı polietilen və ilkin formalı polipropilen, ilkin formalı propilen sopolimerləri, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr qeyri-neft ixracının artımında həlledici rol oynayıb.. 2022-ci ilin yanvar-aprel ayları üzrə kimya sənayesi məhsullarının ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 dəfəyə yaxın artması da təsadüfi deyil. Belə ki, ötən ilin ilk 4 ayı ərzində kimya sənayesi üzrə ixrac 13,1 milyon ABŞ dolları təşkil edib. Artımın əsas səbəbi pandemiyanın əhatə dairəsinin yumşaldılması, ertələnən xarici tələbin canlanması, ixrac edilən üzvi kimya məhsulları üçün aralıq məhsul rolunu oynayan əmtəələrin dünya bazar qiymətlərinin artımı ilə əlaqədardır.

Qeyri-neft ixracının tərkib hissəsində az qiymətli metallar və ondan hazırlanan məmulatlarının həcminin artdığını görürük. Bu mal qrupunun strukturunda əsas payı alüminium və ondan hazırlanan məmulatlar tutur. Xüsusilə, alüminum məhsulları üzrə geniş çeşidlənmə və müxtəliflik hiss edilir. Belə ki, xüsusilə 2021 və 2022-ci illər ərzində qeyd edilən metal və ondan hazırlanan məmulatların bir neçəsi qeyri-neft ixracının ilk 20 məhsulu üzrə drayver rolunu oynayır. Bundan əlavə, alüminium məhsullarının əsas özəlliyi odur ki, bu qrup üzrə hazırlanan üç müxtəlif məhsul ixracda pay tutur. Bu məhsuldan əlavə biz polietileni qeyd edə bilərik ki, oxşar əmtəə xarakterinə malikdir. Qara metallara baxdıqda  ixrac edilən məhsullar arasında tikinti-inşaat sektoru üçün tələb edilən az qiymətli metalların 23%-ni təşkil edib.

Qiymət və keyfiyyət üstünlüyünə malik emal edilmiş məhsullar şaxələndikcə ixrac coğrafiyasıda şaxələnib. Belə ki, qeyri-neft ixracında ABŞ, İtaliya, Braziliya, Niderland, Ruminiya yaxın MDB ölkələrindən daha irəlidədir. İxrac müxtəlifliyi nəzəriyyəsinə əsasən, məhsullar daha yüksək keyfiyyətə malik və daha çox inkişaf edərsə, həmçinin özündə daha zəngin elementləri birləşdirərsə, məhsulun idxalçısı da daha inkişaf etmiş ölkələr olacaqdır. Qeyd olunan ölkələrin Azərbaycana ixracında əsas payı qeyri-yeyinti,  konkret olaraq kimya sənayesi məhsulları təşkil edib.

Qeyri-neft ixracının artması ilə Azərbaycanın iqtisadi artımı daha da sürətlənib. Belə ki, coğrafi nöqteyi-nəzərdən əsas resursumuz neft-qaz sektorudur. Bu sektordan xam məhsul kimi ixrac etməklə bərabər kimya və digər sektorlarda da istifadə edib daha yüksək əlavə dəyər yarada bilirik. Azərbaycanın texnoloji məhsul istehsalının müqayisə üstünlüyü olmadığı üçün ixracın artım sürəti dünya bazar qiymətlərində müşahidə olunan tələb ilə əlaqədardır. Geosiyasi mühitdə baş verən dəyişikliklər fonunda, neft-qaz qiymətlərinin yüksək olması kimya sənayesinə məxsus məhsulların istehlak qiymətlərini də artıracaqdır. Əlverişli şəraitdən istifadə etməklə, bu sektor üzrə idxal etdiyimiz məhsullar qrupu üzrə istehsalın yaradılmasına və ixracına ehtiyac vardır. Sözsüz ki, aralıq xərclərdə digər sektorlarla müqayisədə daha yüksək üstünlüyə malik olmağımız, yeni bazarların tapılmasına yardımçı olacaqdır. Bundan əlavə, milli hesablar sisteminə baxan zaman xalis ixrac iqtisadi artım üçün tətikləyici rola malikdir. Dünyanın ən inkişaf etmiş ölkələrindən regionda yerləşən ölkələrə qədər xarici ticarətdə müsbət saldoya malik ölkə tapmaq çətindir. Cari hesablar balansının kəsirlərlə yekunlaşmaması üçün bir sıra ölkələr xarici borc cəlb edərək yarana biləcək makroiqtisadi risklərin qarşısını almaq istəyib. Azərbaycan neft-qaz sektoru hesabına bu təhlükədən uzaq dayana bilib. Qeyri-neft ticarətindəki müsbət saldo isə Azərbaycanın əsas çağırışlarından biridir.

Aprel ayı üzrə qeyri-neft ixracı 22% artaraq 238,3 milyon ABŞ dolları təşkil edib. Həmin dövr ərzində qeydə alınan qeyri-neft ixracının 21,6% yeyinti məhsullarının, 78,4%-i isə qeyri-yeyinti məhsullarının payına düşmüşdür. Aprel ayı ərzində yeyinti məhsulları üzrə ixracın cəmi 6,2% artmasının əsas səbəbi şokolad və ondan hazırlanan məmulatların 2 dəfə,  meşə fındığı üzrə 52,5%, qara çayın ixracı üzrə isə 19,4% artımın qeydə alınmasıdır. Digər həll edici yeyinti məhsullarında isə ötən illə müqayisədə nisbətən daha az ixrac müşahidə edilib.Qeyri-neft ixracında aprel ayında qeyri-yeyinti sektoru drayver rolunu oynayıb.

Ölkə iqtisadiyyatına cəlb edilən investisiyalar, biznes mühitinin daha da yaxşılaşdırılması idxalın artması ilə nəticələnib. Habelə, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyası tikinti-inşaat işlərində istifadə edilən aralıq və son istehlak məhsulları, həmçinin texnologiya tutumlu məhsullar idxalı da xarici ticarət dövriyyəsinin artmasına səbəb olub. 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana edilən idxal məhsulları 15% artaraq 4,1 milyard ABŞ dolları təşkil edib. İdxal edilən yeyinti məhsulları ümumi idxalın 17,3% təşkil edib.  İdxal edilən məhsulların strukturuna baxdıqda əsas hissəni maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri tutub. Sözügedən istiqamət üzrə idxalın çox olmasının əsas səbəbi aşağı, orta və yüksək texnoloji məhsulların bir qrupda cəmlənməsi ilə birbaşa bağlıdır. Başqa sözlə, iqtisadiyyatın bütün sektorları üçün tələb edilən kapital tutumlu məhsullar, habelə, vətəndaşlar tərəfindən ev şəraitində istifadə olunan avadanlıqların hər biri bu qrupda cəmləşib. Müxtəlif sinifli texnologiya məhsullarının və onların avadanlıqlarının ümumi idxalda payı 25% təşkil edib. Digər məhsulların strukturunu təhlil etdikdə isə əsasən tikinti-inşaat məqsədli məhsulların üstünlük təşkil etdiyi ehtimal etmək mümkündür. Xüsusilə, oduncaq və ondan hazırlanan məhsullar, qara metallar, plastmassa və onlardan hazırlanan məhsulların böyük hissəsi tikinti sektoru, digər hissəsi isə yerli istehsalda aralıq məhsul kimi istifadə edilib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az