19 yanvar 2022, 15:15

- “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi fəaliyyət göstərdiyi 5 il ərzində Azərbaycanın qeyri-neft ixracında hansı rolu oynayıb?

- Azərbaycanda hər il ixracatçıların sayı artır. Hazırda ixrac həyata keçirənlərin tərkibində mövsümi, mütəmadi ixracatçılar var. Müşahidələrimizə görə, mövsümi ixracatçıların sayı artmaqdadır. Daimi ixrac edənlərin sayı sabit qalır, az ixrac edən sahibkarların sayında isə artım yoxdur.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə müraciət edən sahibkarlar onların bir hissəsidir. Bunların arasında qiymətli, əlvan metallar sahəsində çalışanlar, həm dövlət, həm də özəl sektorda çalışanlar mövcuddur.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi yarandığı gündən ixracatçıların sertifikat və icazələrə əlçatanlığını daha asan və rahat şəkildə təmin etmək istiqamətində çalışıb. Xarici ticarətdə qeyri-tarif tənzimləmələri deyilən qavram var. İxraca icazələrin daha rahat şəkildə verilməsi bu qavramın tərkib hissəsidir. Qeyri-tarif tənzimləmələrinə edilən tətbiqlər xarici ticarəti asanlaşdıra və yaxud çətinləşdirə bilər. Bu baxımdan, Mərkəz ixracatçıların daha az vaxt sərf etməklə, məqbul bir zaman çərçivəsində sertifikatlarını əldə edərək ixraca davam etməsini hədəfləyirik. Xarici ticarətin liberallaşdırılması dediyimiz zaman xarici ticarət iştirakçıları üçün daha əlverişli mühit və daha azad hərəkət imkanı düşünürük.

2022-ci il üzrə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə əsas 5 məhsulun statistikasına da baxsaq görərik ki, burada çeşidlər genişdir. Belə ki, ötən il 114,2 milyon ABŞ dolları dəyərində qiymətli metallar, 91,7 milyon ABŞ dolları dəyərində süd məhsulları, 66,3 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı, 42,9 milyon ABŞ dolları dəyərində polad boru və 2,8 milyon ABŞ dolları dəyərində meyvə şirələri ixrac edilib.

Ötən il ən çox ixrac həyata keçirdiyimiz ölkələr İsveçrə, Rusiya, Gürcüstan, Türkiyə və Qazaxıstandır. Gələcəkdə bu arealı daha da genişləndirmək və ölkələrin çeşidini artırmaq üçün çalışırıq.

- Mərkəzin xidmətlərindən əsasən iqtisadiyyatın hansı sahələrində fəaliyyət göstərən sahibkarlar istifadə edir?

- Mərkəzdə 5 dövlət qurumu – İqtisadiyyat Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Fəaliyyət istiqamətlərinə uyğun olaraq sertifikatlar təqdim olunur. Azərbaycanda qeyri-neft ixracının əsasını sənaye, tikinti, kənd təsərrüfatı sahələri təşkil edir. Mərkəzimizdə isə ixracın iqtisadi yönümlü əsasını sənaye mallarından qiymətli metallar, tikinti materiallarından polad boru, polad armatur yayması, şüşə məmulatları, generator, ehtiyat hissələri və s. kənd təsərrüfatı məhsullarından pambıq mahlıcı, pambıq çiyidi, tiftik, pambıq ulyuku, pomidor, meyvə şirələri, kərə yağı, pendir və s. məhsullar təşkil edir.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin digər bir funksiyası da bir sıra hallarda ixracatçıların maarifləndirilməsindən ibarətdir. Maarifləndirmə əsasən 2 formada olur. Bunlardan biri məhsulların satışı ilə bağlıdır. Bu, həm keyfiyyət, həm kəmiyyət, həm ixrac həyata keçiriləcək ölkənin tələblərinə uyğunluqla bağlı ola bilər. Pandemiyadan öncə bunu görüşlər, təlimlər şəklində edirdiksə, sonrakı dövrlərdə onlayn şəkildə belə tədbirlər təşkil edilib. Bu prosesə həm də bir sıra beynəlxalq təşkilatlar qoşulub.

Bu il üçün də planımız var ki, xüsusən də aqrar sahədə sahibkarları maarifləndirmək üçün beynəlxalq təşkilatlarla danışıqlar aparırıq. Bir neçə il öncə çiyələk istehsalçılarına edilən dəstəkdən sonra çiyələk ixracı kəskin artıb. Bizim 2023-cü il üçün əsas planlarımızdan biri də aqrar istehsalla yanaşı emal sənayesi istehsalını da inkişaf etdirməkdir. Bu, həm məhsula olan tələbi artırmaqla yanaşı, məhsulun yaratdığı əlavə dəyəri də artırır. Bununla əlaqədar ölkə daxilində istehsal zəncirlərinin genişlənməsinə ehtiyac var. Məhsullar faraş halda daxili və ya xarici istehlakçıya deyil, digər müəssisəyə emal üçün getməsi arzuolunandır. Habelə, bu müəssisə zənciri bir deyil, üçdən daha çox olarsa məhsulun keyfiyyəti və əlavə dəyər göstəricisi daha da yüksələ bilər. Bu modelin əsas çətinliyi qiymət rəqabətqabiliyyətliliyidir. Düşünürəm ki, xarici ticarətin liberallaşdırılması və istehsal təşviqləri əsasında görülən tədbirlər sözügedən məsələlərin həllinə səbəb olacaq.

Aqrar və emal sənayesi məhsullarının birgə ixracı qeyri-neft ixracının 30,4 % təşkil edir. Lakin, yalnız aqrar-sənaye məhsulları isə qeyri-neftin 6,5 % təşkil edir. Azərbaycan aqrar məhsullarının əksər hissəsi Rusiya bazarına ixrac edilir. Amma Rusiya bazarında aqrar-sənaye məhsullarının çəkisi daha aşağıdır. Aqrar-sənaye ixracının strukturuna baxdıqda əsas hərəkətverici malları şəkər və qənnadı məhsullar, heyvan və bitki mənşəli yağlar və emal edilmən meyvə-tərəvəz məhsullarıdır. Bu üç mal qrupunun ümumi ixracı isə 96,3 milyon ABŞ dolları təşkil edir. Habelə, aqrar-sənaye ixracının 49,4 % təşkil edir. Yalnız şəkər və qənnadı məhsullarının ixracı yanvar-oktyabr aylarında 27,6 milyon ABŞ dolları təşkil edib. Bu da aqrar-sənaye məhsulları ixracının təxminən 20 % təşkil edir. İxrac bazarları isə Mərkəzi Asiya ölkələri və Gürcüstandır. Nəzərə alsaq ki, aqrar-sənaye məhsulları çeşidlənməsi və ixrac coğrafiyası aşağıdır, bu artıq növbəti illər qarşıda duran əsas çağırışdır. Bundan əlavə, aqrar və aqrar-sənaye məhsullarının qarşısında duran əsas çağırış uzaq bazarların daha aşağı olmasıdır. Aqrar məhsulların uzaq mənzilli bazarlara çıxış imkanları aqrar-sənaye ilə müqayisədə daha aşağıdır. Bu baxımdan, uzaq mənzilli bazarlara ixrac imkanlarının artırılması üçün xarici ticarətin daha da liberallaşdırılması tədbirləri aktuallığını qoruyub saxlamalıdır.

Mərkəzin apardığı ticarət analizlərinin nəticələri onu göstərir ki, ixrac bazarlarını genişləndirilməsi üçün məhsulların markalaşması zəruridir. Türkiyənin ixrac bazarları hədəflənməsində cəlbedici təcrübələri var. Xüsusilə, aşağı və orta gəlirli ölkə bazarlarının sektorlar üzrə bölgüsünün aparılması istiqamətində keçmiş illərdə önəmli addımlar atılıb. Müqayisəli üstünlüyə malik məhsullar üzrə fabriklər bütün müştəri seqmentləri üzrə istehsallar həyata keçirirlər. Azərbaycanın da bu istiqamətdə əhəmiyyətli potensialı mövcuddur. Biz təkcə aqrar məhsullar üzərində qalmaq istəmirik. Həmçinin, istehsal zəncirini daha da genişləndirmək istəyirik və bunun üçün də növbəti illərdə də addımlarımız artacaq. Təbii ki, istehsal və ixrac zəncirinin halqalarının artması daxili iqtisadi artıma, müəssisələrin inkişafına müsbət təsir edəcək.

- İş adamlarına neçə növ sertifikat və necə verilir? Prosesi necə aparılır?

- Sertifikatın növü ixrac olunan məhsula görə dəyişir. Mərkəzimizdə yuxarıda adı çəkilən qurumlar 5 növ sertifikat verir. İxrac olunan bütün yeyinti və qeyri-yeyinti məhsullarına mənşə sertifikatı, heyvan və heyvan mənşəli məhsullara baytarlıq sertifikatı, bitki və bitkiçilik məhsullarına fitosanitar sertifikatı, yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatı, nəsli kəsilməkdə olan yabanı flora və fauna növlərinin ölkədən çıxarılması üçün CİTES sertifikatı, mədəni sərvətlərin ixracı üçün mədəni sərvətlərin mühafizəsi şəhadətnaməsi və dini təyinatlı kitab və disklərin ixracı üçün icazə verilir. Mərkəzin əsas məqsədi sahibkarların əlavə yol, vaxt və resurs sərfiyyatını minimuma endirməklə prosesi asanlaşdırmaqdır. Ümumilikdə proses həm elektron, həmdə fiziki qaydada həyata keçirilir. Ilk növbədə sahibkar ixrac edəcəyi məhsula uyğun olaraq tələb olunan sənədləri təqdim edir və qanunvericiliklə sənədin hazır olma müddəti barədə məlumatlandırılır. Sənədlərdə çatışmazlıq halı baş verdikdə isə əməkdaşlarımız onu düzgün istiqamətdə yönləndirir.

- Sahibkarlar xarici ölkələrin bazarına məhsul çıxarmaq üçün hansı tələbləri yerinə yetirməlidirlər?

- İlk öncə ixrac olunacaq ölkənin tələbləri nəzərə alınaraq ona uyğun sertifikat verilir. Daha aydın şəkildə ifadə etsək ixrac olunacaq məhsul və ölkədən asılı olaraq sənəd tələbi dəyişilir. Tutaq ki, bal məhsuluna Avropa ölkələrində Qida təhlükəsizliyi sertifikatı tələb olunduğu halda MDB ölkələrinin bəzilərində bu, tələb olunmur. Buna belə aydınlıq gətirmək istərdim ki, qarşı tərəfin tələbinə uyğun olaraq sertifikatın formaları belə dəyişilir.

- Hansı hallarda iş adamlarına serfitikat verilməsindən imtina olunur? İndiyə qədərki təcrübə necə olub?

- İmtina halının qarşısının alınması üçün biz öncədən sahibkarı tələb olunan sənədlərlə tanış edirik, hər hansı bir sənədin çatışmazlığının imtinaya səbəb olacağı onların diqqətinə çatdırılır. Məhz buna görə də imtina hallarının qarşısı alınır. Sahibkar bu dediklərimizi nəzərə almadıqda imtina halı qaçılmaz olur. Ümumilikdə baxdıqda isə 5 illik fəaliyyətimiz dövründə bu hala çox az rast gəlinib.

- Əgər 5 il öncə ilə müqayisə aparsaq xarici bazarlarda hansı məhsullarımıza tələbat artıb, hansılarına azalıb?

- Əgər ixrac statistikamıza baxsaq görərik ki, ixrac etdiyimiz məhsulların 60-65 %-i xammal yəni aralıq məhsullardır. Təxminən 25-26 % məhsulları isə hazır şəkildə ixrac edirik. Cəmi 1-2 % məhsul var ki, onlar kapital tutumlu məhsullar hesab edilir. Bura da əsasən texnologiya məhsulları aiddir. Hansı ki, ölkəmiz orta texnoloji məhsulların ixracını həyata keçirir. Amma İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri ilə müqayisədə bizim bu sahədə ixracımız çox aşağıdır. Lakin “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda orta və yüksək texnoloji məhsulların istehsal və ixrac olunması ilə bağlı müddəalar var və bunların həyata keçirilməsi üçün tədbirlər planı mövcuddur.

İxracımızda Avropa bazarlarının payı çox azdır. Bunun da müəyyən səbəbləri var. Ümid edirik ki, gələcəkdə bu istiqamətdə də artıma nail olacağıq. Hazırda aralıq məhsul olaraq kimya sənayesi məhsullarının Avropa İttifaqı ölkələri bazarlarına ixracı daha çoxdur.

2022-ci ildə ixrac edilmiş aqrar məhsullarının dəyəri 717,5 milyon ABŞ dolları, emal sənayesi məhsullarının dəyəri isə 190,8 milyon ABŞ dolları olub. Bu bir daha göstərir ki, ixracımızın diversifikasiyasını daha çox artırmalıyıq. Hətta biz xarici tərəfdaşlarımızla danışanda onlar Azərbaycandan daha çox sənayeləşmiş aqrar məhsulların ixracını istəyirlər. Çünki meyvə-tərəvəz məhsullarının faraş halında ixracı dayanıqsızdır, amma onu emal sənayesi məhsulu kimi qəbul etmək tərəfdaşlarımız üçün daha əlverişlidir.

Artıq qonşularımız da texnoloji məhsulların ixracı və onların payının artırılması üçün addımlar atırlar. Biz də hesab edirik ki, Azərbaycan qlobal dəyər zəncirində öz payını almalıdır. Bizim qlobal dəyər zəncirində ixracımız daha çox neft-qazın payına düşür. Azərbaycan şirkətinin hansısa nəhəng şirkətin dəyər zəncirində yer alması bizim üçün çox vacibdir. Təbii ki, bu prosesə dövlətin dəstəyi var bu proses davam edir. Nəticə etibarı ilə bu dəstək həm məşğulluğun artmasına, həm də əlavə dəyərin yüksəlməsinə səbəb olur.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az