31 mart 2021, 10:34

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin mart sayı təqdim edilib. İcmalda qeyd olunub ki, 2021-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ixracı 2,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 331,3 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 33,6 milyon ABŞ dolları və ya 11,3 faiz artıb.

2021-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (37,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (34,4 milyon ABŞ dolları) ikinci, xurma  isə (27,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

2021-ci ilin yanvar-fevral ayı ərzində Türkiyəyə 106,9 milyon, Rusiyaya 85,5 milyon, İsveçrəyə 35,2 milyon, Gürcüstana  28,3 milyon və ABŞ-a 13,2  milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2021-ci ilin fevral ayında qeyri-neft sektoru üzrə ixrac 185,2 milyon ABŞ dolları təşkil edib. Bu ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (54,1  milyon ABŞ dolları) birinci yerdə qərarlaşıb. Bu siyahıda Rusiya ikinci (42,7 milyon ABŞ dolları) və İsveçrə üçüncü (25,1  milyon ABŞ dolları) olub.

2021-ci ilin fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (24,7 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (22,7 milyon ABŞ dolları)  ikinci və elektrik enerjisi (15,7 milyon ABŞ dolları) üçüncü olub.

Bu ilin ilk iki ayı ərzində meyvə-tərəvəz ixracı 70,5 milyon, pambıq lifi ixracı 37,4 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 27,7 milyon, kimya sənayesi məhsullarının ixracı 6,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 14,6 milyon, pambıq ipliyi ixracı 6,9 milyon,  spirtli və spirtsiz içkilərin ixracı 1,9 milyon, şəkər ixracı 4,9 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 3,9 milyon, çay ixracı 1,4 milyon ABŞ dolları təşkil edib.

“İxrac İcmalı”-nın 2021-ci ilin yanvar-fevral ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "P-Aqro" MMC,  "Baku Steel Company MMC",  "Critical Fruit" MMC, "Almeyvə" MMC, "Metal Trader LTD" MMC,  "Sun Food" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC  və “Aqrovest” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərenerji" ATSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Dəmir Yolları" QSC, “Azəripək” MMC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC və "Azərbaycan Hava Yolları" QSC.

 

 “İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. 2021-ci ilin yanvar-fevral aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 23 ölkəsinə 8,5 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib. 2021-ci ilin fevral ayında isə “Azərkosmos” ASC dünyanın 21 ölkəsinə 6,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. 2021-ci ilin yanvar-fevral ayları ərzində daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə ABŞ, Birləşmiş Krallıq, Fransa, BƏƏ və  Pakistan qərarlaşıb.

Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül cari ilin ilk aylarında da davam edib. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutan səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

 2021-ci ilin fevral ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 25,5 milyon manat təşkil edib. 2021-ci ilin yanvar-fevral aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 50,5 milyon manatlıq əməliyyat aparıblar.

 “İxrac İcmalı”nda 2021-ci ilin fevral ayı ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, bu ilin fevral ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 35,3  milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin yanvar-fevral aylarında Azexport.az portalına 89,2  milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

 2021-ci ilin fevral ayında Azexport.az portalına ən çox ixrac sifarişi tütün, şəkər tozu, fındıq ləpəsi, günəbaxan yağı, biyan kökü, çay, şərab, toyuq yumurtası, meyvə şirəsi, kosmetik vasitə, mühərrik yağı, qənnadı məhsulu, pambıq, toyuq əti, zəfəran, sarımsaq və s. mallara daxil olub. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 28 fevral tarixinə kimi (50 ay ərzində) Azexport.az portalına dünyanın 143 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 285  milyon ABŞ dolları təşkil edib.

“İxrac İcmalı”nda həmçinin göstərilib ki, 2021-ci ilin mart ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə  həyata keçirilən qeyri-neft ixracının dəyəri 18,4 milyon ABŞ dolları olub. 2017-ci ildən 2021-ci ilin mart ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 520,6 milyon ABŞ dolları təşkil edib.

"İxrac İcmalı" ilə iqtisadiislahat.org saytının "İcmallar" bölümündə tanış ola bilərsiniz.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az