13 yanvar 2023, 15:58

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji

 planlaşdırma və inkişaf üzrə meneceri Ayhan Satıcı

 

Davos İqtisadi Forumu 2023-cü ildə son dövrün ən təsirli geosiyasi və geoiqtisadi məsələlərin qabarıq olduğu məqamda “Fraqmentasiya olmuş dünyada əməkdaşlıq” mövzusu ilə keçiriləcəkdir. Yanvar ayının 16-20 tarixlərində  baş tutacaq Forum hazırda dünyada baş verən bir sıra hadisələrin, COVİD-19 pandemiyasından geriyə qalan təklif zəncirindəki qırılmaların və Ukraynada davam edən müharibənin gətirdiyi sosial-iqtisadi problemlərin qlobal iqtisadiyyata mənfi təsirlərini müzakirə edəcək.

 Davos İqtisadi Forumunun bu ilki gündəliyi beş tematik mövzu ətrafında baş tutacaqdır. Enerji, iqlim və təbiət üçün yeni sistem kontekstində mövcud enerji və ərzaq böhranlarının həll edilməsi əsas prioritet müzakirə mövzularından biri olacaq. Digər müzakirə mövzusu yüksək inflyasiya, aşağı artım, yüksək borclu iqtisadiyyatlar kimi problemlərin həllində rol oynayan investisiyanın, ticarətin və infrastrukturların yeni sistemlər vasitəsilə inkişafının yollarıdır. Həmçinin, Dördüncü Sənaye İnqilabı (4İR), iqlim dəyişikliyi və geosiyasi bölünmələr şəraitində özəl sektorda innovasiya və dayanıqlılığı artımaq üçün potensial texnologiyalardan istifadə ətrafında mövzular Davos İqtisadi Forumun gündəliyinə daxil edilib. Bütün bunlarla yanaşı, qlobal iqtisadi böhran çərçivəsində iş yerlərinin bağlanması, məşğulluğun azalması, real gəlirlərin düşməsi kimi sosial problemlərin təhsilə, insan kapitalına və səhiyyəyə investisiyaların artırılması  ilə aradan qaldırılmasının mümkünlüyü müzakirə mövzusu olacaqdır. Davos İqtisadi Forumun son gündəliyi qütbləşən qlobal münasibətlərdə mövcud geosiyasi risklərin aradan qaldırılması üçün yeni qlobal sistemin yaradılması mövzusunda olacaqdır.

Davos İqtisadi Forumunun gündəliyinə uyğun olaraq  2023-cü il üçün Qlobal Risk Hesabatı təqdim edilib. Hesabata uyğun olaraq mövcud vəziyyətdə təsiri hiss edilən qlobal risklər, 2025-ci ildə təzyiqi artacaq risklər və 2033-cü ildə qlobal səviyyədə aktuallaşacaq risklər vurğulanıb. 2023-cü ildə qlobal səviyyədə təsiri hiss ediləcək risklər “enerji təchizatı böhranı”, “yaşayış xərcləri böhranı”, “artan inflyasiya”, “ərzaq təchizatı böhranı” və “kritik infrastruktura kiberhücumlar” kateqoriyaları üzrə qruplaşdırılıb. 2025-ci ilə gedən yolda isə iki illik risklərə “borc böhranları”, “qiymət trayektoriyalarının sabitləşdirilməməsi”, “iqlim dəyişikliyinin ləngidilməsində uğursuzluq”, “iqlim dəyişikliyinə adaptasiyada uğursuzluq”, “geniş yayılmış kibercinayətkarlıq və kibertəhlükəsizlik” və “ətraf mühitə böyük ziyan vuran hadisələr” daxil edilib.

Qlobal Risk Hesabatında Qlobal Risk Qavrama Sorğusunun (GRPS) 10 illik risklər kateqoriyasına isə daha çox ekosistem ilə bağlı böhranlar daxil edilib. Belə ki, “İqlim dəyişikliyinin ləngidilməsində uğursuzluq”,“İqlim dəyişikliyinə adaptasiyada uğursuzluq", “Təbii fəlakətlər və ekstremal hava hadisələri” və “Biomüxtəlifliyin itirilməsi və ekosistemin dağılması” əsas böhrana aparacaq risk kateqoriyalarıdır.

Bu il Davos İqtisadi Forumu 130 ölkəni əhatə edən 2700-dən çox dövlət, özəl və vətəndaş cəmiyyəti liderlərinin iştirakı, və 52 dövlət və hökumət başçılarının qatılması ilə baş tutacaqdır.    Yeni geosiyasi və geoiqtisadi reallıqlar fonunda, Dünya İqtisadi Forumu dialoqun və dövlət-özəl sektor əməkdaşlığının vacibliyini artırmağa davam edir. O cümlədən, bu platformanın qeyd edilən mövzular üzərindən dünya liderlərinin, ekspertlərin və digər təsir dairəsi geniş olan steykholderlərin cəlb edilməsi ilə təşkili baş verən hadisələrə adaptasiya olunmağa və müsbətə doğru həll yollarının tapılmasına töhfə verəcəkdir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az