12 avqust 2021, 17:52

“İqtisadi artım” kitabı Özbəkistan Prezident Administrasiyasının beyin mərkəzi olan – İqtisadi Təhlil və İslahatlar Mərkəzində təqdim olunub. Kitabın müəllifi, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı iqtisadi artım konsepsiyasını təqdim edib. O qeyd edib ki, iqtisadi artımın təmin olunmasında müxtəlif amillər rol oynasa da, hər bir ölkənin özünəməxsus çağırışları və inkişaf strategiyaları olmalıdır. Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılmış iqtisadi islahatların idarəedilməsi modeli böyük maraq doğurub. Xüsusilə də, islahatların generasiyası və qiymətləndirilməsi arasında əlaqənin yaradılması, prosesin tam rəqəmsallaşdırılması, böyük verilənlər bazası əsasında qərarların qəbul edilməsi, Azərbaycanın dünyada ən islahatçı ölkələr qrupunda təmsil olunması vurğulanıb. Qərara gəlinib ki, Azərbaycanın iqtisadi islahatların idarəedilməsi modelinin daha dərindən öyrənilməsi üçün Özbəkistanın nümayəndə heyətinin ölkəmizə səfəri təşkil olunsun. Özbəkistan Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin rəhbəri Obid Hakimov Azərbaycan və Özbəkistan kimi dost ölkələrin beyin mərkəzləri arasında əməkdaşlığın və bilik mübadiləsinin vacib olduğunu qeyd edib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az