İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Layihələr departamentinin rəhbəri Vüsalə Cəfərova Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və Birləşmiş Millətlər Təşkilatının birgə əməkdaşlığı ilə “BMT-nin Azərbaycanda Miqrasiya Şəbəkəsi” mövzusunda videokonfransda iştirak edib.
Tədbirdə miqrasiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verən şəbəkənin səmərəli fəaliyyəti müzakirə edilib. Azərbaycanda beynəlxalq tərəfdaşların iştirakı ilə miqrantların rifahının yüksəldilməsi, inkluzivliyin təşviqi istiqamətində əldə edilən nailiyyətlər, beynəlxalq təşkilatlarla əməkdaşlıq və birgə layihələr barədə məlumat verilib.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqyev, BMT-nin baş mütəxəssisi Maykl Nyuson və beynəlxalq ekspert, tədqiqat qrupunun rəhbəri Anna Proxorova tədbirdə çıxış edərək şəbəkə çərçivəsində miqrasiya idarəçiliyi və birgə əməkdaşlıq istiqamətində prespektivlər barədə fikirlərini bölüşüblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında təqdimatlar edilib.