İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn Ağdam rayonunda “Yeni Qarabağnamə: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında post-konflikt quruculuğu” kitabını təqdim edib.
Təqdimat Ağdam rayon İcra Hakimiyyəti və Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilib. “Yeni Qarabağnamə” kitabını təqdim edən Ramil Hüseyn bildirib ki, kitabda əksini tapan mühüm məqamlar barədə ətraflı məlumat verib. O, vurğulayıb ki, Azərbaycan xalqının çoxəsrlik tarixinin ən parlaq səhifələrindən biri – 2020-ci ildəki 44 günlük Vətən müharibəsində Ermənistan üzərində qələbəmizin ikiilliyinə həsr edilən kitab Prezident İlham Əliyevin rəhbəriliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan post-konflikt quruculuğunda bəhs edir. Ramil Hüseyn çıxışında qeyd edib ki, Ermənistanın talan edərək urbisidin bariz nümunəsinə çevirdiyi Ağdam şəhərində aparılan yenidənqurma işlərindən və Böyük Qayıdışa hazırlıq prosesindən danışıb.
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbə heyəti iştirak ediblər.
Çıxış edən Ağdam Dövlət Sosial-İqtisadi kollecinin direktoru, professor Natiq Cavadov isə işğaldan azad edilmiş ərazilərdə iqtisadi və sosial infrastrukturun yaradılması, dövlət təşviqilə iqtisadiyyatın canlandırılması, yaşayış məntəqələrinin planlı bərpası məsələlərinə toxunub.