İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı İsveçrənin Əməkdaşlıq İdarəsinin (SECO) Cənubi Qafqaz üzrə Regional Direktor müavini Alberto Hernandezi qəbul edib.
Görüşdə maliyyə proqramlaşdırılması modelinin qurulması istiqamətində İİTKM-in potensialının gücləndirilməsinə SECO-nun texniki dəstəyi eləcə də, özəl sektorun inkişafı üzrə rəqəmsal ticarət, müəssisələrin rəqəmsal platforma üzərindən idarə edilməsi və qadın sahibkarlığının inkişafı məsələləri müzakirə olunub. Vüsal Qasımlı Azərbaycanda rəqəmsal transformasiya və kiçik və orta biznesin real vaxt rejimində resurslarının planlaşdırılması və bu istiqamətdə İİTKM-in layihələri olan www.azerp.az, Azexport.az, Enterpriseazerbaijan.com, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Rəqəmsal Ticarət Qovşağının vahid ekosistem şəklində sahibkarlığın inkişafına dəstək xidmətləri barədə qonağı məlumatlandırıb. Eyni zamanda, bu platformaların istifadəsi və geniş tətbiqinin Azərbaycanın transsərhəd ticarət və xidmət əməliyyatlarının onlayn həyata keçirilməsi və qlobal ERP istifadəçiləri şəbəkəsinə qoşulmasını asanlaşdıracağını qeyd edib.
SECO-nun Cənubi Qafqaz üzrə Regional Direktor müavini Alberto Hernandez Azərbaycanda özəl sektorun və maliyyə sektorunun inkişafı istiqamətində SECO tərəfindən icra olunan fəaliyyətlər barədə məlumat verib.
Daha sonra İİTKM-in Azexport.az portalının meneceri Ayxan Qədəşov müəssisə resurslarının planlaşdırılmasına dəstək məqsədilə yaradılan www.azerp.az portalı və AzERP sisteminin iş prinsipi və funksional modulları barədə təqdimat edərək iqtisadiyyatın rəqəmsallaşması və sahibkarlara dəstək imkanlarının yaradılması istiqamətində portalın təmənnasız xidmət göstərərək KOS-lara öz xərclərinə qənaət etməyə və səmərəliliyi artırmağa imkan yaratması barədə məlumat verib.
Görüşdə SECO-nun ölkə proqramı üzrə meneceri Aytən Axundova və İİTKM-in Layihələr Departamentinin rəhbəri Vüsalə Cəfərova da iştirak edib.