24 noyabr 2022, 12:25

Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə 6-cı Beynəlxalq Bankçılıq Forumu (BBF) keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı forumda açılış nitqi ilə çıxış edib.

 “Maliyyə sektorunun bütün seqmentlərinin sabitliyi və likvid olması iqtisadi artımın maliyyələşməsinə əhəmiyyətli dəstək verir. Maliyyə sektorunun mühüm hissəsini təşkil edən bank sektorunda kapitallaşma və likvidlik səviyyəsi normaları 2 dəfəyədək üstələyir. Belə ki, son 10 ildə bank aktivlərinin ÜDM-də payı 26,8%-dən 44,3%-ə yüksəlib.İqtisadiyyata kredit qoyuluşlarının həcmi isə 9,9 milyard manatdan artaraq 17,1 milyard manata çatıb.

Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bankçılığın əsas inkişafı istiqamətləri müəyyən edilib. Ümumilikdə bankçılığın inkişafını sürətləndirməyi və yeni keyfiyyət dəyişikliklərini hədəfləyən bu tədbirləri qiymətləndirməyə imkan verən 3 səviyyədə indikator göstərilib: 11 ilkin nəticə indikatoru, 16 aralıq nəticə indikatoru, 10 yekun nəticə indikatoru.

Strategiyaya əsasən bank sektoru üzrə aktivlərin həcminin hər il 8%, kredit portfelinin həcminin hər il 10%, biznes kreditlərinin həcminin hər il 6%, mikro, kiçik, orta biznesə verilən kreditlərin həcminin hər il 15%, sığorta bazarının həcminin hər il 10% artması gözlənilir.

Həmçinin korporativ qiymətli kağızlar bazarının dərinliyinin artırılması üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi, institusional inkişafı və infrastruktur imkanlarının genişləndirilməsi ilə 2026-cı ilin sonuna kimi iki investisiya fondunun fəaliyyət göstərməsi gözlənilir”.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az