21 noyabr 2022, 17:12

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbərinin müavini Günay Quliyeva Kiçik və Orta Sahibkarlıq Siyasəti İndeksi ilə bağlı müzakirədə iştirak edib. Bu tədbir Kiçik və Orta Sahibkarlıq Siyasəti İndeksi (SME Policy Index) üzrə növbəti qiymətləndirmə mərhələsinə hazırlıq məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə təşkil olunub. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri və özəl sektor təmsilçiləri iştirak ediblər. 

İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov qiymətləndirmənin hər il olmaqla artıq 10 ildir ki aparıldığını və onun kiçik və orta biznesin (KOB) inkişafı sahəsində fəaliyyətin  təkmilləşdirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. Ölkədə son dövrlər KOB sektorunun inkişafı sahəsində müxtəlif qurumlar tərəfindən bir çox tədbirlərin həyata keçirildiyini və yeni təşəbbüslərin icra olunduğunu diqqətə çatdıran Emil Məcidov aidiyyəti qurumları qiymətləndirmə prosesində fəal iştiraka dəvət edib.    

Qeyd edək ki, “Kiçik və Orta Sahibkarlıq Siyasəti İndeksi” (SME Policy İndex) KOB-lar üzrə siyasətlərin hazırlanması və həyata keçirilməsi prosesinin Avropa İttifaqı ölkələrinin və digər qabaqcıl beynəlxalq təcrübələr ilə müqayisədə qiymətləndirilməsinə imkan verən alətdir. Qiymətləndirmə Avropa İttifaqı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa Təlim Fondu ilə birgə İƏİT tərəfindən hazırlanıb və 2012-ci ildən başlayaraq Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilir.  


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az