21 noyabr 2022, 11:15

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Böyük Britaniyanın Nyu Kasl Universiteti ilə birgə “Creative Spark” layihəsi çərçivəsində ali təhsil müəllimləri üçün tədris və öyrənmə strategiasının formalaşdırılmasına dair iki günlük seminar təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən seminarda Nyu Kasl Universitetinin nümayəndələri Fiona Vaythörst (Fiona Whitehurst) və Li Sear (Leigh Sear) biznes və sahibkarlıq sahəsində fəaliyyət göstərən pedaqoqlara müvafiq tədris və təhsil strategiyalarının hazırlanması, effektiv kurrikulum sisteminin inkişaf etdirilməsi, “öyrənən” və “öyrədən” arasında düzgün tədris əlaqəsinin qurulması və birgə işin aparılması, həmçinin bu sahədə ixtisaslaşan pedoqoqların təcrübələrinin qiymətləndirilməsi kimi mövzularda məlumatlar təqdim ediblər. Təlimçilərlə müəllimlər İİTKM-in “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində biznesin dəstəklənməsinə dair görülən işlər haqqında əyani interaktiv fikir mübadiləsi aparıblar.

2 günlük seminarda Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Bakı Modern Beynəlxalq Məktəbi, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının İnstitutu və Dağıstan Dövlət Universiteti də daxil olmaqla ümumilikdə 10-dan artıq müəllim iştirak edib.

Seminarın sonunda təlimin meneceri Elnur Əliyevə və iştirak edən ali təhsil müəllimlərinə İİTKM və Nyu Kasl Universitetinin birgə sertifikatı təqdim olunub.

Qeyd edək ki, Böyük Britaniyanın Nyu Kasl Universitetinin müəllimləri təlimdən öncə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində bir sıra görüşlər keçirib, əməkdaşlığın dərinləşməsi və silsilə seminarların təşkili ilə bağlı müzakirə aparıblar. Həmçinin Azərbaycan Respublikasının Təhsil İnstitutunun nəzdində yaradılan “SABAH.lab” Akselerasiya mərkəzində innovativ startap layihələrinin nümayəndələri ilə görüşüblər.

Təlimçilər bu tip silsilə təlimlərin keçirilməsinə dair razılığa gəliblər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az