15 mart 2021, 12:10

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumuna (AZİNNEX) daxil olan şirkətlərin rəhbərləri ilə görüş keçirib. İİTKM-in icraçı direktoru Vüsal Qasımlı dövlət idarəçiliyinin, iqtisadi və sosial proseslərin rəqəmsallaşdırılması, o cümlədən e-hökumət, e-ticarət, elektron kənd təsərrürfatı, e-bankçılıq, e-səhiyyə və e-təhsil sahəsində aparılan siyasətdən danışıb: “Dördüncü sənaye inqilabı şəraitində Azərbaycanın İT şirkətləri ölkədə iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, rəqəmsal transformasiya, ağıllı şəhər və ağıllı kənd layihələrinin inkişafında əhəmiyyətli imkanlara malikdir. Xüsusən də İT məhsullarının ixracı yeni əlavə dəyər və yüksək gəlirli iş yerləri deməkdir.”

Azərbaycanın ən böyük informasiya texnologiyaları şirkətlərinin (CyberNet, BestComp, B.EST Solutions, İDRAK, Ultra, SİNAM, RİSK, İnnovasiya Mərkəzi) nümayəndələri ölkədə rəqəmsal ekosistemin daha da təkmilləşdirilməsi istiqamətində təkliflərini səsləndiriblər. Dövlət-özəl dialoqu şəraitində təkliflərin Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyada müzakirəyə çıxarılması qərara alınıb.

Müzakirə zamanı İİTKM-in innovativ layihələri (DTH, Azexport, EnterpriseAzerbaijan) və AZİNNEX üzvləri arasında əməkdaşlıq perspektivləri də müzakirə edilib. “Made in Azerbaijan” brendinin dünya bazarına çıxarılmasını təmin edən Azexport portalı vasitəsilə İT xidmətlərin ixracının daha da artırılması, DTH-ın tərkib hissəsi olduğu Rəqəmsal Ticarət Konsorsiumunun AZİNNEX ilə əməkdaşlığı, İT layihələrin EnterpriseAzerbaijan portalının əməkdaşlıq etdiyi xarici kraudfandinq platformalarına çıxarılması imkanları da bu mövzular sırasında olub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az