16 noyabr 2022, 12:59

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma və missiya rəhbərinin müavini Tamaş Vaszarini qəbul edib.

Vüsal Qasımlı səfiri yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və Azərbaycandakı fəaliyyətinin iki qardaş ölkə arasında ikitərəfli əlaqələri daha da genişləndirəcəyinə əminliyini bildirib. Macarıstanın Avropa məkanında Azərbaycanın ən vacib tərəfdaşlarından biri olmaqla iki ölkə arasında çox yaxşı siyasi, iqtisadi və ticarət əlaqələrinin olduğunu və enerji sahəsində strateji əməkdaşlığının əhəmiyyətini qeyd edib. Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə fəaliyyətin iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini vurğulayıb. 

Səfir Tamaş Yojef Torma Macarıstan ilə Azərbaycan arasındakı əlaqələrin dostluğa və strateji tərəfdaşlığa əsaslandığını bildirib. Bu il  ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasını və Macarıstandan olan tərəfdaşlarla geniş miqyaslı əməkdaşlığa başlanıldığını qeyd edib. Macarıstandan olan beyin mərkəzləri ilə  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında birgə tədqiqatların aparılması, iqtisadi forumların və seminarların təşkil olunması sahəsində əməkdaşlığın qurulmasında maraqlı olduqlarını vurğulayıb.

V.Qasımlı Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpa prosesi, ölkənin iqtisadi inkişaf strategiyasının hədəfləri, eləcə də dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi sahəsində Mərkəzin fəaliyyətini qeyd edib. “Doing Business” və digər beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması, Mərkəzin layihələri olan Azexport.az, EnterpriseAzerbaijan.com, Rəqəmsal Ticarət Qovşağı, Azranking.az və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi barədə səfirə ətraflı məlumat verilib.

Görüşdə Mərkəzin dövrü nəşri olan və ticarət, neft və qaz, nəqliyyat və logistika sahəsində türk dünyası ölkələrinin müqayisəli təhlilini özündə əks etdirən “Türk İqtisadi İcmalı” təqdim edilib və nəşrin növbəti buraxılışında Macarıstana dair bölmənin hazırlanmasında birgə əməkdaşlıq barədə razılığa gəlinib. 

Sonda qonağa Mərkəzin hazırladığı “Yeni Qarabağnamə: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında post-konflikt quruculuğu” kitabı təqdim edilib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az