15 noyabr 2022, 16:16

  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Estoniyanın kibertəhlükəsizlik üzrə nümayəndə heyəti ilə görüşüb. Müzakirədə Estoniyanın “CybExer Technologies” şirkətinin həmtəsisçisi Lauri Alman, “ByteLife Solutions” şirkətinin baş icraçı direktoru Yanek Gridin, “CybExer Academy/RiskSight”ın baş əməliyyat direktoru Markus Münzer və “B.EST Solutions” şirkətinin təsisçisi Yana Krimpe iştirak edib.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Mərkəzin fəaliyyəti və operatoru olduğu rəqəmsal layihələr barədə məlumat verib.

Görüş zamanı Azərbaycanda kibertəhlükəsizlik sahəsində məlumatlılığın artırılması, müxtəlif idrəetmə orqanlarında rəhbər şəxslərin bu sahədə savadlılığının daha da inkişaf etdirilməsi, dövlət idarəetməsində və dövlət strategiyalarının hazırlanmasında kibertəhlükəsizliyi nəzərə alan simulyatorlardan istifadə imkanlarından danışılıb. Eyni zamanda, "Kibergigiyena" platforması (https://kibergigiyena.az/), onun əhəmiyyəti,  istifadəsi və idarə edilməsi kimi məsələlər barədə də məlumat verilib.

 Görüşdə kibertəhlükəsizlik sahəsində İİTKM ilə qarşılıqlı əməkdaşlıq imkanları da dəyərləndirilib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az