04 noyabr 2022, 18:03

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Zəfər Gününə həsr olunan elmi-praktiki konfransda çıxış edib. Vüsal Qasımlı "Post-konflikt quruculuğu modeli” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda regenerasiya və reinteqrasiya dövrünü yaşayır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında post-konflikt quruculuğunun əsas istiqamətləri müəyyənləşdirilib və bu istiqamətlərdə fəaliyyət planına uyğun olaraq iş aparılır. İcraçı direktor qeyd edib ki, 2030-cu ilə qədər Qarabağ və Şərqi Zəngəzur bölgələri Azərbaycanın qeyri-neft sektorunun 5-10 faizi həddində iqtisadiyyata malik ola bilər. Vüsal Qasımlı vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyatın geri qayıtması Dördüncü Sənaye İnqilabı və Davamlı İnkişaf Məqsədlərinə uyğun olmaqla bölgəni SMART regiona çevirməyi də hədəfləyir.

  Konfransın plenar iclasında AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, millət vəkili Musa Quliyev və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov "İşğaldan azad olunmuş ərazilərdə planlaşdırma işləri" mövzusunda geniş təqdimatla çıxış edib.

  Elmi-praktiki konfransda respublikanın ali təhsil müəssisələri, elmi təşkilatları və aidiyyatı qurumların nümayəndələri iştirak ediblər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az