27 oktyabr 2022, 12:09

Qlobal İnnovasiyalar İndeksinin alt-komponentlərinə cavabdeh işçi qruplarının birgə iclası keçirilib. Müzakirənin təşkilində əsas məqsəd “Qlobal İnnovasiyalar İndeksi” üzrə mövcud vəziyyətin araşdırılması və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi, bu sahədə səmərəli koordinasiyanın təşkilidir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə iclasda Qlobal İnnovasiyalar İndeksinin 2022-ci il üzrə buraxılışı geniş müzakirə olunub, ölkəmizin mövqeyi barədə iştirakçılara məlumat verilib. Bildirilib ki, 2007-ci ildən fəaliyyətə başlayan Qlobal İnnovasiyalar İndeksinin əsas hədəfi ölkələrin innovativ inkişaf səviyyəsini qiymətləndirmək, hökumətlər, vətəndaş cəmiyyəti (özəl sektor da daxil olmaqla) və beynəlxalq təşkilatlar üçün bilik mübadiləsi və siyasət dialoqu üçün qapı açaraq innovativ təşəbbüsləri təşviq etməkdir.

Onlayn həyata keçirilən iclasda Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin, Əqli Mülkiyyət Agentliyinin, İqtisadiyyat Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Mərkəzi Bankın, Dövlət Statistika Komitəsinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsul şəxsləri iştirak edib.

İclas zamanı Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri cənab Kamran İmanov çıxış edərək Qlobal innovasiyalar İndeksinin yenilənən metodologiyası və qiymətləndirmənin konseptual aspektləri barədə məlumat verib. K.İmanov ilk addımda ölkə üzrə innovasiyaya qoyulan sərmayə ilə əldə olunun innovasiya nəticələri arasındakı qarşılıqlı  əlaqəyə diqqət yetirərək, innovasiyaya sərmayə qoyuluşunun arzu olunan innovasiya nəticələrinə səmərəli şəkildə çevrilməməsinin səbəblərinin daha dərindən araşdırılmasının vacibliyini vurğulayıb. Daha sonra ölkəmizin göstəricilərininin yaxşılaşdırılması üzrə potensial imkanlar və birgə əməkdaşlıq sahələri barədə təkliflər səsləndirilib.

Göstəricilərin yaxşılaşdırılması üçün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin hazırladığı Matrisa layihəsi ətraflı müzakirə edildikdən sonra hər bir indikatorun yaxşılaşdırılması üzrə məsul qurumlar və beynəlxalq qurumlara məlumat göndərməklə məsul qurumlar barədə təkliflər geniş müzakirələr nəticəsində razılaşdırılib.

Qarşılıqlı müzakirə formatında aparılan iclasın nəticəsində ölkəmizin beynəlxalq reytinqlərdə, xüsusilə Qlobal İnnovasiyalar İndeksində mövqeyinin yüksəldilməsi istiqamətində fəaliyyətin davam etməsinə, müvafiq Matrisa layihəsi üzrə işlərin təşkil olunması razılaşdırılıb.

Həmin Matrisada əks olunan bölgü əsasında növbəti il üzrə görülməli strateji və taktiki addımların hazırlanması, bu sahədə çevik kommunikasiyanın qurulması, habelə Beynəlxalq Əqli Mülkiyyət Agentliyi (WIPO) ilə qarşılıqlı müzakirələrin aparılması qərara alınıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az