14 sentyabr 2022, 15:35

  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşdirmələrin aparılmasını nəzərdə tutan 2022-2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı olub.

Tədbirdə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ölkəmizdə əmək bazarının inkişafı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində son illər atılan mühüm addımları qeyd edib.

Nazir müavini əldə olunan irəliləyişlərin əsas beynəlxalq indekslərdə Azərbaycanın əmək bazarı ilə bağlı göstəricilərə də müsbət təsirini diqqətə çatdırıb.

 Əmək bazarı üzrə işçi qrupunun da rəy və təklifləri əsasında “Əlverişli Biznes Mühiti” layihəsinin “İşçi qüvvəsi” indikatoru üzrə Yol Xəritəsi hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq olunub.

Sənəddə əmək qanunvericiliyinin keyfiyyəti, əmək bazarı üzrə dövlət xidmətlərinin adekvatlığı, işçi qüvvəsinin işə qəbulunun asanlığını nəzərdə tutan 3 indikator və 6 komponent üzrə 25 tədbir əksini tapır. Həmin tədbirlər işçilərin sosial müdafiəsi, məşğulluq üzrə qanunvericiliyin, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi və s. kimi istiqamətləri əhatə edir.

Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev yeni Yol Xəritəsinin əhəmiyyətini qeyd edib. Sənəddə əksini tapan tədbirlərin əmək və məşğulluq sahəsində islahatlar prosesinə töhfə verəcəyini bildirib.

Qeyd edilən İşçi qrupunun katibi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdir müavini Rəşad Zalov Yol Xəritəsinə dair təqdimat edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvü, “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov, Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Gülnarə Aslanbəyli yeni Yol Xəritəsi ilə bağlı fikirlərini bölüşüblər.

 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası nümayəndələri, habelə Türkiyə, Amerika, Fransa, Almaniyanın ölkəmizdəki iş adamlarını təmsil edən palata və birliklərin məsul şəxsləri ilə birgə keçirilən tədbirdə yeni Yol Xəritəsi üzrə qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az