18 iyul 2022, 10:20

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi (MEDİA) 22 iyul Milli Mətbuat günü ərəfəsində biznes və iqtisadiyyat sahəsində ixtisaslaşan jurnalistlər üçün yay məktəbi formatında ikigünlük təlimə start verir.  Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsini və bu çərçivədə görülən işlərə töhfə vermək məqsədi ilə təlim mədəniyyət paytaxtımız olan Şuşa şəhərində təşkil edilir.

Təlimin ilk günündə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatların bir istiqaməti də azad və müstəqil medianın inkişafıdır. Xüsusən də, biznes və iqtisadi jurnalistika ictimai rəyin formalaşmasına töhfə verməklə, həm də vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatının əsas atributu olan rəqabət mexanizminin inkişafında böyük rol oynayır.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov iqtisadi sahədə jurnalistlərin ixtisaslaşmasının vacibliyindən danışıb, təlim çərçivəsində aparılan fikir mübadiləsinin media nümayəndələrinin peşə fəaliyyəti üçün xüsusi  əhəmiyyət daşıdığını, həmçinin iqtisadi jurnalistikanın biznes, cəmiyyət və dövlət münasibətlərinin inkişafındakı rolunu vurğulayıb.

Təlimdə Mərkəzi Bankın, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Vergi Xidmətinin, Dövlət Məşğulluq Agentliyinin eləcə də İİTKM-in əməkdaşları iştirak edir. 2 günlük təlimə 30-a yaxın TV və onlayn media nümayəndəsi qatılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az