Azexport.az portalı Avropa İttifaqının “EU4Digital” layihəsi çərçivəsində ölkə ərazisində elektron ticarətin mövcud vəziyyətini əhatə edən onlayn müzakirə və sorğularında iştirak edib. Portalın beynəlxalq yükdaşıma platformalarına və müxtəlif ödəniş üsullarına inteqrasiya olunması haqqında məlumatlar təqdim olunub.
Aparılan görüş və sorğuların nəticəsi olaraq “Aİ” və “Şərq Tərəfdaşlığı” ölkələri arasında ticarətin tam rəqəmsallaşdırılması məqsədi ilə iki pilot layihənin icrasında Azərbaycanı Azexport.az portalı “digital wholesale center” (rəqəmsal topdansatış mərkəzi) qismində təmsil etməsinə dair razılıq əldə olunub.
Razılığa əsasən Azərbaycan - Gürcüstan və Azərbaycan - Almaniya arasında onlayn platforma vasitəsi ilə sifariş edilən məhsul haqqında məlumatların avtomatik olaraq poçt və gömrük orqanına təqdim olunması nəzərdə tutulub
Layihə çərçivəsində “Avropa İttifaqı” və “Şərq Tərəfdaşlığı” ölkələri arasında rabitə, poçt, rəqəmsal infrastruktur, e-ticarət, e-təhlükəsizlik və digər sahələr üzrə əməkdaşlığın qurulması nəzərdə tutulub. 2019-2022-ci illəri əhatə edən layihənin əsas hədəfləri ixrac prosedurlarının daha da asanlaşdırılması, əməliyyat xərclərinin minimuma endirilməsi və ölkələr arasında e-ticarət dövriyyəsinin artırılmasıdır.
“EU4Digital” tərəfindən ilkin olaraq iki pilot layihə reallaşdırılacaq. Qazanılacaq təcrübə növbəti mərhələdə “Aİ” və “Şərq Tərəfdaşlığı” ölkələri arasında “Vahid Rəqəmsal Bazarın” yaradılmasında istifadə olunacaq.