08 iyun 2022, 11:57

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun (AMEA RMİ) direktoru, professor Misir Mərdanovla görüşüb. Tədbirdə hər iki beyin mərkəzinin alimləri iştirak ediblər.

İİTKM-in icraçı direktoru Vusal Qasımlı Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı fəaliyyətlərin iqtisadi-riyazi üsullardan istifadə etməklə təhlilinin vacibliyini vurğulayıb: “Elmi əsaslandırılmış fundamental tədqiqatların nəticələri həm SCOPUS və Web of Science kimi bazalarda nəşr oluna, həm də dövlət proqramlarının hazırlanması və kommunikasiya prosesində istifadə edilə bilər. Azərbaycanın elmi potensialının ölkənin inkişafında istifadə olunması qarşıda duran əsas vəzifələrdəndir.” V.Qasımlı Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Texnologiya və innovasiya” üzrə İşçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” alt qrupunun fəaliyyətinin əhəmiyyətini qeyd edib: "Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması üzrə 2022-ci il üzrə Yol Xəritəsi"nin icrası istiqamətində fəaliyyətlər həyata keçirilib.”

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov elm və ali təhsil müəssisələrinin beynəlxalq elmmetrik bazalarda (SCOPUS, Web of Science və s.) elmi nəşrlərin hazırlanması zamanı beynəlxalq elmmetrik bazaların tələblərinin nəzərə alınması təcrübəsi barədə məlumat verib, həmçinin institutun əməkdaşlarının elmi fəaliyyəti nəticəsində əsas elmi istiqamətlər üzrə bir çox mühüm nəticələr əldə edildiyini bildirib: “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Riyaziyyat və Mexanika İnstitutunun birgə tətbiqi tədqiqatlar aparması faydalı olardı. Riyazi analiz, hesablama riyaziyyatı və informatika, optimallaşdırma, riyazi statistika və tətbiqi riyaziyyat sahələri üzrə əməkdaşlıq və alınan nəticələrin ölkə iqtisadiyyatına tətbiqi sahəsində əməkdaşlıq genişləndirilməlidir.”


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az