31 may 2022, 11:51

“İxrac icmalı”nın may sayına əsasən, 2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 11,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 965,5 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 268,6 mln. ABŞ dolları və ya 38,5% artıb.

2022-ci ilin yanvar-aprel ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 23,6% artaraq 162,6 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 90,6%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53,3%, pambıq iplik ixracı 19,8%, pambıq lifi ixracı isə 6,8% artıb.

2022-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (102,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (68,2 milyon ABŞ dolları) ikinci, tomat (pomidor) (58,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2022-ci ilin yanvar-aprel ayları ərzində Türkiyəyə 333,7 milyon ABŞ dolları, Rusiya Federasiyasına 191,7 milyon ABŞ dolları, Gürcüstana 61 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 51 milyon ABŞ dolları və ABŞ-a isə 39,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2022-ci ilin aprel ayı üzrə ixrac 3,8 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 22% təşkil etməklə 238,3 mln. ABŞ dolları olub. 2022-ci ilin aprel ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6,2% artaraq 51,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 27,2% artaraq 186,9 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin aprel ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (78,5 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Rusiya Federasiyası ikinci (42,3 milyon ABŞ dolları) və İsveçrə üçüncü (17,7 milyon ABŞ dolları) olub.

2022-ci ilin aprel ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (30,3 milyon ABŞ dolları) birinci, tomat (pomidor) (19,4 milyon ABŞ dolları) ikinci və qızıl (16,9 milyon ABŞ dolları) üçüncü olub.

“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-aprel aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2022-ci ilin yanvar-aprel ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “P-Aqro” MMC, “Aqrovest” MMC, “STP Alüminium” MMC, “Mors Trading” MMC, “ZR-78 Company” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Çinar Aqro” MMC, “Product Service” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azərenerji” ATSC, Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “AzerGold” QSC,  “Azəripək” MMC, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Azərbaycan Dəmir Yolları” QSC.

2022-ci ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 32 ölkəsinə 8,5 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86 faizini təşkil edib. 2022-ci ilin aprel ayında isə “Azərkosmos” ASC dünyanın  31 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2022-ci ilin yanvar-aprel ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 2,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,7 milyon ABŞ dolları ilə Fransa, 1,5 milyon ABŞ dolları ilə Lüksemburq, 0,9 milyon ABŞ dolları ilə BƏƏ və 0,5 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.

2022-ci ilin aprel ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 136,6 milyon manat təşkil edib. 2022-ci ilin yanvar-aprel aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 686,3 milyon manatlıq əməliyyat aparıblar.

2022-ci ilin yanvar-aprel aylarında Azexport.az portalına 162,7 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2022-ci ilin aprel ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 30,1 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin aprel ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin tərkibində pambıq yağı, trufel göbələyi, pambıq çiyidi, duz, konservləşdirilmiş heyvan əti, buğda unu, qarğıdalı, fındıq, nar konsentratı, tibbi tənzif, kartof və s. məhsullar üstünlük təşkil edib.  Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 30 aprel tarixinə kimi (64 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 2,96 milyard ABŞ dolları təşkil edib.

Həmçinin, “İxrac İcmalı”nda göstərilib ki, 2022-ci ilin aprel ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 27,4 milyon ABŞ dolları olub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az