13 aprel 2022, 09:23

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ilə ölkəmizdə səfərdə olan Dünya Bankının nümayəndələri - İdarəetmə üzrə baş mütəxəssis və tapşırıq qrupunun rəhbəri İan Hokesvorz, Dövlət idarəçiliyi üzrə baş mütəxəsis Robin Van Kipperluis, ekspert Benedikt Brauman və iqtisadçı Samirə Qasımova arasında görüş keçirilib.

Görüşdə “Azərbaycanda ortamüddətli xərclər çərçivəsi potensialının gücləndirilməsi proqramının (MTEF CBP)”  həyata keçirilməsinə dair müzakirələr aparılıb.

V. Qasımlı Azərbaycanda ortamüddətli xərclər çərçivəsinin tətbiqinə Strateji Yol Xəritəsinin hədəf indikatorlardan biri olaraq başlanılması, fiskal dayanıqlılığının təmin edilməsi istiqamətində qəbul edilən qanunlar və fiskal qaydalar barədə qonaqlara ətraflı məlumat verib. Eyni zamanda, bu sahədə Mərkəzin rolu, həyata keçirdiyi fəaliyyətlər, monitorinq və qiymətləndirmə ekosisteminin strateji planlaşdırmaya töhfəsi, həmçinin, bu proseslərdə kommunikasiyanın əhəmiyyəti və potensial quruculuğu üzrə görülən işlər haqqında danışıb.

Görüşdə İ.Hawkesworth iqtisadi islahatların idarə olunması, icra prosesinin təmin edilməsi və strateji idarəetmənin tətbiqində ortamüddətli xərclər çərçivəsinin əhəmiyyətini vurğulayıb. Sonda qonaqlara Mərkəzin fəaliyyətinə dair icmallar təqdim edilib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az