İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ayaz Müseyibov və analitiki Ayhan Satıcı 11-12 aprel 2022-ci ildə Mərkəzi Asiya Regional iqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu, Asiya İnkişaf Bankı (ADB) və Asiya İnkişaf Bankı İnstitutunun (ADBI) birgə təşkilatçılığı ilə keçirilən konfransda iştirak ediblər.
“CAREC regionunda yüksək qeyri-müəyyənlik dövrlərində dayanıqlılıq və iqtisadi inkişaf” mövzusunda müzakirələrə həsr olunan konfransda A. Müseyibov və A. Satıcı “Zəngəzur dəhlizinin CAREC regionuna iqtisadi təsiri və CAREC regionu ilə Aİ arasında iqtisadi münasibətlərin perspektivləri” mövzusunda aparılmış tədqiqat işi ilə çıxış ediblər.
CAREC Proqramı üzv ölkələri, Dünya Bankı, ADB, ADBI, Yaponiya və Sinqapur kimi qeyri-üzv ölkələrin universitet, qeyri-hökumət təşkilatları nümayəndə heyətinin qatıldığı görüşün məqsədi yaşıl iqtisadiyyat və davamlı inkişaf, cari biznes risklərinin təhlili və dayanıqlı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün regional əməkdaşlıqların müzakirə olunmasıdır. Həmçinin, konfransda CAREC İnstitutunun illik kitabının təqdimatı da yer alıb. Belə ki, İİTKM-in əməkdaşları Zəngəzur dəhlizinin region ölkələrinə iqtisadi təsiri mövzusundakı tədqiqatlarının müvafiq kitabda çap edilməsi üçün təqdimat veriblər.
Qeyd edək ki, CAREC 1996-cı ildə Asiya İnkişaf Bankının təşəbbüsü ilə CAREC regionunda iqtisadi artımın sürətləndirilməsi məqsədilə məlumatların yaranması və potensialın artırılması ilə bağlı təsis edilib. Ölkəmiz proqramda 2003-cü ildən etibarən iştirak edir.