15 mart 2022, 10:45

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən hazırlanan “İqtisadi İslahatlar” elmi-analitik jurnalının ikinci sayı nəşr olunub. Jurnalın 2022-ci ildəki ilk sayında Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Məhəbbət Məmmədovun “İqtisadi artım” dərsliyinin mütəxəssis hazırlığında nəzəri və praktiki əhəmiyyəti barədə yazdığı şərhə yer verilib. Həmçinin jurnalın bu sayında “Azərbaycan Respublikasının Qarabağda resursların səmərəli bölgüsünə istiqamətləndirilmiş struktur siyasəti", “Ticarətin liberallaşdırılması siyasəti və onun real məzənnəyə təsiri”, “Zəngəzur Dəhlizinin CAREC regionu və Avropa İttifaqı arasındakı iqtisadi münasibətlərin perspektivlərinə təsiri”, “Qlobal buğda böhranın əsas səbəbləri və Azərbaycana təsirləri”, “İqtisadi inkişafın ekoloji hüdudları”, “Qlobal tendensiyaların ölkə iqtisadiyyatlarına mənfi təsiri və inflyasiya tempinin dəyişməsi”, “Maliyyənin yeni yaşıl dəhlizləri: Yaşıl istiqrazların faydaları”, “Texniki tənzimləmə sistemi: İqtisadi təsir effektləri və perspektiv inkişaf meyilləri”,  “Vətəndaş müraciətlərinin qəbul edilməsi və baxılması sahəsində blokçeyn texnologiyasının tətbiqi” və “İnnovasiya fəaliyyətini stimullaşdıran beynəlxalq əhəmiyyətli və müstəqil təhsil, tədqiqat və işləmələr (inkişaf) mərkəzinin yaradılması” kimi aktual mövzuları əhatə edən elmi-analitik məqalələrə çap olunub.

Məlumat üçün bildirək ki, “İqtisadi islahatlar” jurnalının birinci sayının çapından ötən müddətdə fəaliyyəti daha da genişlənib və jurnalın rəsmi internet səhifəsi www.journal.ereforms.org hazırlanıb. Eyni zamanda “İqtisadi islahatlar” jurnalına dövrü nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə (The International Standard Serial Number (ISSN) alınıb.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi nizamnaməsinə uyğun olaraq ölkədə həyata keçirilən islahat tədbirləri ilə bağlı ictimaiyyəti məlumatlandırır, elmi-analitik jurnal, bülleten buraxır, kitablar, məqalələr və digər materiallar nəşr edir. “İqtisadi islahatlar” jurnalı da Məkəzin qarşısına qoyulan məqsədlərə uyğun olaraq hazırlanıb.  Jurnalda əsasən, Azərbaycan və ingilis dillərində iqtisadiyyata aid məqalələr dərc edilir. Eyni zamanda kənar müəlliflər də elmi-analitik məqalələrini “İqtisadi islahatlar”  jurnalına təqdim edə bilər. 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az