03 mart 2022, 15:46

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yeni kadr təyinatı olub. İİTKM-in icraçı direktoru Vüsal Qasımlının əmri ilə coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Musayeva EnterpriseAzerbaijan.com portalının rəhbəri vəzifəsinə təyin olunub.

M.Musayeva Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində bakalavr və magistr təhsili alıb. Daha sonra eyni fakültənin doktorantura pilləsində təhsilini davam etdirib və Coğrafiya üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə layiq görülüb. 2019-cu ildən Dosent Elmi adını alıb və hazırda AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda elmlər doktoru proqramı üzrə qiyabi doktorantdır.

50-dən artıq elmi əsərin, 2 monoqrafiyanın, 1 dərsliyin və 15 dərs proqramının müəllifidir. 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub, 2017-ci ildə ilk Respublika İnnovasiya Müsabiqəsinin qalibi olub.

M.Musayeva Beynəlxalq konfrans, seminar və simpoziumlarda iştirak edərək beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. Həmçinin 2021-ci ildə Danimarkada keçirilən Qlobal Startap Mükafatlandırılmasında "EcoPrint" layihəsi ilə "Ən yaxşı yaşıl startap texnologiyası" adına layiq görülüb.

Qeyd edək ki, EnterpriseAzerbaijan.com portalı Prezident İlham Əliyevin 2018-ci il 19 sentyabr tarixli "Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı əsasında yaradılıb. Portalın məqsədi ölkədə sahibkarlığın inkişafını təmin etdirməklə, yeni ideya, startap, investisiya və ya biznes layihələrinin həyata keçməsində alternativ maliyyə mənbələrini ölkə iqtisadiyyatına cəlb etmək,  portala yerləşdirilən layihələri yerli və xarici investorların diqqətinə çatdırmaqda vasitəçi olmaq, o cümlədən ölkədə fəaliyyət göstərən sahibkarlara və startapçılara layihələrini dünya standartlarına uyğunlaşdırmaqda və təkminləşdirməkdə dəstək göstərməkdir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az