21 fevral 2022, 12:41

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihəsi olan ”Azexport.az” internet portalı və Özbəkistan Respublikasının İnvestisiyalar və Xarici Ticarət Nazirliyi yanında İxracın Təşviqi Agentliyi arasında görüş baş tutub.

Özbəkistan Respublikasının Azərbaycanda yerləşən səfirliyinin dəstəyi ilə baş tutan görüşdə “Tradeuz.com” portalının imkanları və Agentliyin fəaliyyəti barədə məlumatlar təqdim olunub.

Daha sonra “Azexport.az” portalının inteqrasiya olduğu beynəlxalq ticarət platformaları və bu platformalardan daxil olan sifarişlər barədə məlumatlar verilib. Görüşdə, həmçinin, sərbəst satış sertifikatının tətbiqi nəticəsində “Azexport.az” portalının əldə etdiyi uğurlar haqqında da danışılıb.

Sonda sərbəst satış sertifikatının tətbiqi sahəsində “Azexport.az” portalının əldə etdiyi təcrübənin Özbəkistanda tətbiqi və iki ölkə arasında rəqəmsal iqtisadiyyatın inkişafına dair əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə olunub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az