Görüşdə İİTKM-in Layihələr departamentinin rəhbəri Vüsalə Cəfərova Mərkəzin fəaliyyəti və rəqəmsal platforma layihələri, həyata keçirilən iqtisadi islahatlar, əldə edilmiş iqtisadi nailiyyətlər, biznes mühiti, işğaldan azad edilmiş ərazilərin bərpasına xarici investisiyaların cəlb edilməsi barədə qonaqlara ətraflı məlumat verib. Eyni zamanda, növbəti illər üzrə müəyyən olunmuş prioritet sahələr, inkişaf hədəfləri, iqtisadi diversifikasiya və inklüziv artım məqsədləri, regional tranzitin inkişafı və potensial investisiya sahələri barədə məlumatları qonaqların diqqətinə çatdırıb.
Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasında Səfirliyinin iqtisadi məsələlər üzrə nümayəndəsi cənab Dryu Lebkueker iki ölkə arasında diplomatik münasibətlərin siyasi, iqtisadi və mədəni sahələrdə daim inkişafda olduğunu və pandemiyanın təsirlərinə baxmayaraq əldə edilmiş iqtisadi artımı yüksək qiymətləndirdiyini bildirib. O, iqtisadi və ticarət əlaqələrin artırılması məqsədilə birgə tədqiqatların həyata keçirilməsi üçün İİTKM və ABŞ-ın müvafiq beyin mərkəzləri arasında əlaqələrin qurulmasına Səfirlik tərəfindən lazım olan dəstəyin verilməsinə hazır olduqlarını bildirib.
Görüşdə İİTKM-in Strateji planlama departamentinin rəhbəri Ayaz Müseyibov və Səfirliyin iqtisadi müşaviri Yusif Abasovun iştirakı ilə ölkədə maliyyə sektoru, xarici ticarət, rəqabət siyasəti və regionların inkişafına xarici birbaşa investisiyaların cəlbi sahəsində ölkənin inkişaf prioritetləri üzrə fikir mübadiləsi aparılıb.