07 fevral 2022, 11:55

 Birləşmiş Millətlər Təşkilatının 2021-ci il üçün Rəqəmsal və Davamlı Ticarətin Asanlaşdırılması üzrə Qlobal Hesabatının yekun versiyası dərc olunub. Hesabata əsasən, Azərbaycan qiymətləndirilən meyarlar üzrə 100% üzərindən 86% toplayaraq bu sahədə Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionuna liderlik edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihəsi olan “Rəqəmsal Ticarət Qovşağı”nın rəhbəri Məsumə Talıbova bildirir ki, Azərbaycanın nəticələrinin 2015-ci ildən bu günə dinamikasına nəzər yetirdikdə artım tempinin dayanıqlı olduğu müşahidə olunur. Tədqiqatın ilk ilində 48.39 nəticə göstərən ölkəmiz 2 il sonra ötən nəticəyə nisbətdə 56% artımla 75.27-ə yüksəldi, daha sonra isə 2017-ci ildə 9% artımla, 2021-ci ildə isə 5% artımla dayanıqlı artımı qorumağa nail olub. Sorğunun alt indikatorlarına nəzər yetirdikdə şəffaflıq-100%; rəsmi qaydalar-91,67%;İnstitusional tənzimləmə və əməkdaşlıq -88,89%; Kağızsız ticarət- 85.19%;Transsərhəd kağızsız ticarət üzrə isə 66,67% nəticə əldə olunub.M.talıbova xüsusilə vurğulayıb ki, 2019-cu il ilə müqayisədə bu il şəffaflıq indikatoru üzrə 7% irəliləyişlə maksimum nəticəyə, transsərhəd kağızsız ticarət indikatoru üzrə isə 33% artımla çox böyük irəliləyişə nail olunub.

Hesabatda ölkənin cari vəziyyəti ötən illərlə müqayisə olunaraq təsvir olunub və bu irəliləyişlərə səbəb olan islahatlara dair ətraflı məlumatlar öz əksini tapıb. Belə ki, ölkə rəhbərliyi tərəfindən bu sahədə aparılan geniş islahatlar nəticəsində “Rəqəmsal Ticarət Qovşağı” portalının yaradılması və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn tapşırıqların yerinə yetirilməsi, eyni zamanda, Azərbaycanın 20 fevral 2021-ci il tarixindən qüvvəyə minən “Asiya-Sakit Okeanında Sərhədlərarası Kağız Ticarətin Asanlaşdırılması Çərçivə Sazişi”ni imzalayan ilk dövlətlərdən olması və bu sahədə aparılan digər islahatlar qlobal müstəvidə də ölkənin mövqeyinin yaxşılaşdırılmasına öz müsbət töhfəsini verib. İİTKM-in digər innovativ layihələri olan Azexport.az portalı, “Bir Pəncərə” İxraca Dəstək mərkəzi tərəfindən KOSM-lara göstərilən dəstək ticarət prosedurlarının sadələşdirilməsi, şəffaflıq və kağızsız ticarət üzrə ölkənin mövqeyini yüksəldib və Hesabatda bu layihələrin də adı çəkilib.

Hesabatda ölkədə cari vəzyyətin qiymətləndirilməsinin həyata keçirilməsi ilə yanaşı transsərhəd kağızsız ticarətin yaxşılaşdırılması məqəsdi ilə  gələcək üçün tövsiyyələr də təqdim olunub. Fevral ayının 10-da qatqısı olan bütün qurumların və xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans formatında bu tövsiyyələrin müzakirəsi və sonda 2022-ci il üçün tədbirlər planının təsdiq edilməsi nəzərdə tutulur.

 

 

 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az