Görüşdə İİTKM-in Strateji təhlil və planlaşdırma departamentinin rəhbəri Ayaz Müseyibov ölkədə aparılan iqtisadi islahatlar, “Doing Business” hesabatında yüksək nəticə göstərən islahatçı ölkə mövqeyi, Azərbaycanda strateji idarəetmənin tətbiqi, İİTKM tərəfindən icra olunan monitorinq və qiymətləndirmə fəaliyyəti və eləcə də, Mərkəzin innovativ layihələri olan Azexport.az, EnterpriseAzerbaijan.com, Rəqəmsal Ticarət Qovşağı, Azranking.az və Bir Pəncərə İxraca Dəstək Mərkəzi barədə həmçinin Qarabağdakı investisiya imkanları və yenidən qurm alayihələri barədə ətraflı məlumat verib.
Yaponiyanın Azərbaycan Respublikasında Səfirliyinin missiya rəhbərinin müavini cənab Takeya Yukihiro 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin əsasının qoyulmasından bəri, Yaponiya-Azərbaycan münasibətlərinin siyasi, iqtisadi və mədəni sahələrdə daim inkişafda olduğunu və 2022-ci ildə Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümünün tamam olacağını bildirib. O, Azərbaycanda əlverişli investisiya mühitinin qurulduğunu və buna marağın böyük olduğunu bildirib. Görüşdə birgə tədqiqatların həyata keçirilməsi üçün İİTKM və Yaponiyanın müvafiq beyin mərkəzləri arasında əlaqələrin qurulması məsələləri müzakirə olunub.
İİTKM-in Layihələr departamentinin rəhbəri xanım Vüsalə Cəfərova və Səfirliyin iqtisadiyyat və ticarət üzrə attaşesi cənab Ono Masatoşinin iştirakı ilə ölkədə dayanıqlı infrastrukturun qurulması, regionların inkişafı və xarici birbaşa investisiyaların cəlbi sahəsində ölkənin inkişaf prioritetləri üzrə də fikir mübadiləsi aparılıb.
Sonda qonaqlara Azərbaycanda aparılan iqtisadi islahatlara dair aid icmallar təqdim olunub.