08 dekabr 2021, 16:16

Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilən ənənəvi “V Beynəlxalq Bankçılıq Forumu” öz işinə başlayıb. “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” adı altında təşkil edilən forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, fintex sahəsindəki imkanların, kibertəhlükəsizlik tədbirləri ilə əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.

Türkiyə Respublikası Prezidentliyinin Maliyyə Ofisinin, Türkiyə Mərkəzi Bankının, Rusiya Mərkəzi Bankının, Beynəlxalq Valyuta Fondunun, Beynəlxalq Maliyyə Korporasiyası və digər təşkilatların nümayəndələrinin təmsil olunduğu, iki gün davam edəcək Forumda aidiyyatlı dövlət qurumları, kommersiya bankları, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, həmçinin ABŞ, Yaponiya, Çin, Avropa, və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, 40-dan çox spikerin çıxış edəcəyi panellərə 1000-dən çox iştirakçının dinləyici kimi qoşulması nəzərdə tutulmuşdur.

Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda açılış nitqi ilə çıxış edib.

Azərbaycanda rəqəmsal ekosistemin yaradılması ölkədə həyata keçirilən institusional, sosial iqtisadi yönümlü islahatların ana xəttini təşkil edir. “Hələ pandemiyadan əvvəl 2018-ci ilin senytabr ayında Möhtərəm Cənab Prezident “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı təsdiqləməklə ölkədə rəqəmsal iqtisadiyyat quruculuğuna öz siyasi dəstəyini nümayiş etdirmişdir. 2020-ci ildə ölkədə icrası uğurla yekunlaşdırılan sözügedən Proqram çərçivəsində Mərkəzi Bank, aidiyyəti dövlət təşkilatları və bank sektoru ilə birgə rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması, rəqəmsal ekosistemin formalaşdırılması və digər istiqamətlər üzrə müxtəlif tədbirlər, ölkəmiqyaslı layihələr reallaşdırılmışdır.” - deyə A.Quliyev vurğulayıb.

Ölkəmiqyaslı layihələr barədə bildirilib ki, ödəniş sahəsində ən müasir trendlərə əsaslanan Ani Ödənişlər Sisteminin imkanları genişləndirilmiş, kiçik təsərrüfat subyektlərində nağdsız ödənişlərin qəbuluna imkan verən QR kod kimi ucuz ödəniş üsulları yaradılmış, pilot olaraq seçilmiş təsərrüfat subyektlərində QR kod vasitəsilə ödənişlərin qəbuluna başlanılmışdır. Bank xidmətlərinin innovativ müstəvidə elektronlaşdırılması, məsafədən təqdim olunan xidmətlərin miqyasının genişləndirilməsi üçün blokçeyn əsaslı “Rəqəmsal İdentifikasiya Sistemi” (RİS) istismara verilmişdir.

Mərkəzi Bankın təşəbbüsü, bank sektoru və beynəlxalq kart təşkilatlarının dəstəyi ilə ölkədə təmassız ödəniş həllərinin çeşidinin artırılması və innovativ texnologiyaların tətbiqi məqsədilə “Apple Pay” ödəniş həlli Azərbaycanda uğurla aktivləşdirilmişdir.

Həyata keçirilmiş tədbirlər nəticəsində ölkənin nağdsız ödəniş göstəricilərində yüksək artım tempi müşahidə olunmaqdadır. Cari ilin 10 aylıq göstəricilərinə əsasən ölkədaxili kart ödənişlərində nağdsız dövriyyənin xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.2 faiz bəndi artaraq ilk dəfə olaraq 30% həddini keçmişdir. Ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 71% artaraq 8.6 mlrd manat olmuşdur. Nağdsız ödənişlərin tərkibində böyük paya sahib olan elektron ticarətin həcmi isə ötən ilin analoji dövrü ilə müqayisədə 65% artaraq 5.5 mlrd manata çatmışdır. Kartlarla aparılan ölkədaxili təmassız ödənişlərin sayı və həcmi isə 2020-ci ilin 10 aylıq göstəricilərini müvafiq olaraq 3.9 və 6.3 dəfə üstələmişdir.

Qeyd edək ki, Foruma qədər müzakirə olunan mövzularla bağlı təşkil edilən 10-a yaxın seminar və vebinar tipli yanaşı tədbirlərdə 500 nəfərdən çox bank əməkdaşı, sahibkar və tələbə iştirak etmişdir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az