30 noyabr 2021, 11:45

“İxrac icmalı”nın noyabr sayına əsasən, 2021-ci ilin ilk 10 ayı ərzində Azərbaycanın ixracı 16,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,1 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 607,2 mln. ABŞ dolları və ya 42% artıb. 2021-ci ilin 10 ayı ərzində qeyri-neft ixracında yeyinti məhsulları 3,2% artaraq 582,2 mln. ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 3,2 dəfə, mis və ondan hazırlanan məmulatlar 2,2 dəfə, pambıq 87,6%, üzvi kimyəvi birləşmələr 40,6%, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 59,2%, alüminium və ondan hazırlanan məmulatlar 61,7%, qiymətli metallar və ondan hazırlanan məmulatlarda isə 4,3% artım qeydə alınıb.

2021-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  qızıl (166,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (160,7 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (130 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2021-ci ilin yanvar-oktyabr ayları ərzində Rusiya Federasiyasına 665,4 milyon ABŞ dolları, Türkiyəyə 509,4 milyon ABŞ dolları, İsveçrəyə 184,1 milyon ABŞ dolları, Gürcüstana 131,5  milyon ABŞ dolları və ABŞ-a 60,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Normallaşma prosesinin davam etdiyi dövrdə oktyabr ayı üzrə ixrac 2,2 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 50,4% təşkil etməklə 244,6 mln ABŞ dolları olub. 2021-ci ilin oktyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 76,5 milyon ABŞ dolları təşkil edib. Qeyri-yeyinti məhsulları üzrə isə 2 dəfə artaraq 168 milyon ABŞ dolları təşkil edib.

2021-ci ilin oktyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (78,9 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (54,4 milyon ABŞ dolları) və Braziliya üçüncü (16,3 milyon ABŞ dolları) olub.

2021-ci ilin  oktyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (20,1 milyon ABŞ dolları) birinci, karbamid (19,9 milyon ABŞ dolları) ikinci və meşə fındığı  (19,7 milyon ABŞ dolları) üçüncü olub.

“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2021-ci ilin yanvar-oktyabr aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2021-ci ilin yanvar-oktyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Local Garden” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Baku Steel Company” MMC, “Sun Food” MMC, “P-Aqro” MMC, Hidayətov Təyyar Hidayət oğlu, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “RAM Beynəlxalq Nəqliyyat və Ticarət  LTD” MMC, “Bulder 007 LTD” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azergold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “Naxçıvan MR Dövlət Energetika Xidməti”.

2021-ci ilin yanvar-oktyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 41 ölkəsinə 39 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizini təşkil edib. 2021-ci ilin oktyabr ayında isə “Azərkosmos” ASC dünyanın 33 ölkəsinə 6,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2021-ci ilin yanvar-oktyabr ayları ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə 10 milyon ABŞ dolları ilə ABŞ, 8,6 milyon ABŞ dolları ilə Fransa, 7,4 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 6,9 milyon ABŞ dolları ilə Malayziya və 1,5 milyon ABŞ dolları ilə BƏƏ qərarlaşıb.

2021-ci ilin oktyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 124,4 milyon manat təşkil edib. 2021-ci ilin yanvar-oktyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 960,9 milyon manatlıq əməliyyat aparıblar.

2021-ci ilin yanvar-oktyabr aylarında Azexport.az portalına 398,7 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2021-ci ilin oktyabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 31,1 milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin oktyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq yağı, çay, zəli, tütün, un, tikinti materialları, yağ, şərab, bal, velosiped, armudu stəkan, qənnadı məhsulları, və s. mallara daxil olub. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 oktyabr tarixinə kimi (58 ay ərzində) Azexport.az portalına dünyanın 238 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 2,62 milyard ABŞ dolları təşkil edib.

Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2021-ci ilin noyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə  həyata keçirilən qeyri-neft ixracının dəyəri 23 milyon ABŞ dolları olub. 2017-ci ildən 2021-ci ilin dekabr ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə ixrac edilən mal və məhsulların dəyəri 688 milyon ABŞ dolları təşkil edib.

 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az