19 noyabr 2021, 15:27

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihəsi olan  ”Azexport.az” internet portalı  və “Tradevalley.com” portalı arasında görüş baş tutub.

Görüşdə “Tradevalley.com” portalının təsisçisi Yusuf Yenitürkoğulları və satış meneceri Güclü İlalmak rəqəmsal ticarət sahəsində reallaşdırılan layihələr barədə məlumatlar təqdim ediblər. Bildirilib ki, “Tradevalley.com” portalı sahibkarlara rəqəmsal ticarət sahəsində məhsul təftişi, tərcümə, marketinq, hüquq, maliyyə və logistika xidmətləri təqdim edir.

Növbəti olaraq “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov portalın inteqrasiya olduğu beynəlxalq ticarət platformaları və bu platformalardan daxil olan sifarişlər barədə təqdimatla çıxış edib. O, “Tradevalley.com” portalı ilə əməkdaşlığın genişləndirilməsinin və birgə layihələrin icrasının vacibliyini vurğulayıb.

Sonda rəqəmsal ticarət sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədilə anlaşma memorandumunun imzalanmasına dair ilkin razılığ əldə olunub.

Qeyd edək ki, “Tradevalley.com” portalı Türkiyədə “B2B” seqmentində fəaliyyət göstərən qabaqcıl rəqəmsal ticarət platformalarında biridir. Altı dildə fəaliyyət göstərən portala dünyanın 100-dən artıq ölkəsindən sifarişlər daxil olur.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az