Yeni Azərbaycan Partiyasının təşkilatçılığı və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə “Qələbənin ilk ildönümü: Zəfər iqtisadiyyatının rolu və hədəfləri” mövzusunda konfrans keçirilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında və dövlət-xalq-ordu birliyi şəraitində “Dəmir yumruq” əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında milli iqtisadiyyatın özünəməxsus rolu Azərbaycan iqtisadiyyatını – Zəfər iqtisadiyyatı olaraq qiymətləndirməyə şərait yaradıb. 2021-ci ildə ilk Zəfər Gününə həsr olunmuş konfransda Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində milli iqtisadiyyatın rolu, ölkədə enerji, maliyyə, ərzaq, nəqliyyat-logistika və kiber təhlükəsizliyin təmin olunması, demoqrafik trendlər və sabitliyin əsası olan orta təbəqənin formalaşması, milli iqtisadiyyatın ordu və post-konflikt quruculuğunda rolu, müdafiə sənayesinin inkişafı, iqtisadi diplomatiya və digər istiqamətlərdə müzakirələr aparılıb.
Konfransda Yeni Azərbaycan Partiyasının Sədr müavini Tahir Budaqov açılış nitqi ilə çıxış edib. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev “Rəqəmsal transformasiya və iqtisadi inkişaf”, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Milli təhlükəsizlik və iqtisadi inkişaf”, Milli Məclisin Komitə sədri Tahir Mirkişili “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində milli iqtisadiyyatın rolu”, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov “İqtisadi inkişaf perspektivləri”, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Post-konflikt quruculuğu” mövzularında çıxışlar ediblər.