Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Vüsal Qasımlı "Rəhbər kadrların İxtisas Artırılıması" fakültəsinin magistrantlarına "İqtisadiyyatın idarə edilməsində rəqəmsal texnologiyalar" mövzusunda mühazirə oxuyub.
V.Qasımlı bildirib ki, neft sərvətləri tükəndikcə, dünyada və Azərbaycanda əsas əmtəə - data və informasiya olur. Belə ki, daha çox data şirkətlərə daha yaxşı tətbiqlər və texnologiyalar qurmağa imkan verir və bu da onların gəlirliliyini artıraraq öz növbəsində, şirkətlərə bu yolla daha çox məlumat toplamaq və istifadə etmək imkanı yaradır. Buna görə də, Azərbaycan dünya trendlərinə uyğun olaraq məxfiliyin qorunması və data istifadəsi üzrə qanunvericiliyin yaradılması, kontentin və rəqəmsal ticarətin tənzimlənməsi, əqli mülkiyyət hüququnun qorunması, kibertəhlükəsizliyin təmin edilməsi və kiber diplomatiya sahələrində yeni qəbul ediləcək rəqəmsal transformasiya konsepsiyasına uyğun olaraq siyasət formalaşdırır. Professor V.Qasımlı gələcəkdə süni intellekt sahəsində məxfiliyə riayət edən ölkələr və şirkətlərin uğur qazanaraq daha rəqabətli olacağını qeyd edib.