İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “2021-ci ilin ilk 9 ayı: İqtisadi artımın bərpası və post-konflikt quruculuğu” mövzusunda “İslahat İcmalı” nəşr edilib.
İcmalda Azərbaycan iqtisadiyyatının son 30 ilinin müxtəlif dövrləri - inkişaf, tərəqqi, böhran idarəedilməsi və iqtisadi artımın bərpa edilməsi qeyd olunub. İqtisadi artım dövrünə ÜDM istehsalı, informasiya və rabitə xidmətləri, nəqliyyat, tikinti, sənaye və xidmət sektoru, ticarət dövriyyəsi, kənd təsərrüfatı və istehlak bazarı üzrə əsas göstəricilər daxildir. Dövlət büdcəsinin göstəriciləri və vergi daxilolmaları hesabatda yer alır. İcmalda 2021-ci ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi, qeyri-neft ixracı, maliyyə-bank sektorunda depozitlər, kredit qoyuluşları, inflyasiya, pul bazası, manatın nominal və real effektiv məzənnəsi, əsas kapitala yönəldilmiş vəsaitlər və s. iqtisadi göstəricilər barədə məlumatlar 2020-ci ilin müvafiq dövrü ilə müqayisəli şəkildə verilib. İcmalda göstərilib ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar sosial sahədə inkişafa və əhalinin rifahının təmin olunmasına səbəb olub. Eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasət nəticəsində ölkənin biznes mühiti yaxşılaşıb və beynəlxalq hesabatlarda müxtəlif sektorları üzrə reytinq göstəriciləri artımla müşahidə olunub.
“İslahat icmalı” ilə bu link vasitəsilə tanış ola bilərsiniz: