27 noyabr 2026, 12:19

“Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı 2027-ci il üzrə indikativ planlaşdırmanın aparılması məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) və əsas icraçı qurumların nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilib.

Görüşdə 2027-ci il üzrə vahid indikator cədvəli yenidən nəzərdən keçirilib, müvafiq dəyişikliklərin cədvəldə əks etdirilməsi və layihələr siyahısının dəqiqləşdirilməsi məsələləri müzakirə olunub. Dövlət Proqramının icrası çərçivəsində 2026-cı ildə görülmüş işlərə dair hesabatların təqdim edilməsi qaydaları, eləcə də icraçı qurumlar arasında koordinasiya tələb edən məsələlərin vaxtında həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 dekabr tarixli 860 nömrəli Sərəncamının 5-ci hissəsinə əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sifarişi əsasında İİTKM tərəfindən həyata keçirilir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az