İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İnnovasiya şöbəsinin əməkdaşı Nailə Cəfərova Qazaxıstanın Almatı şəhərində Beynəlxalq Valyuta Fondunun (BVF) təşkilatçılığı ilə keçirilən beynəlxalq təlimdə iştirak edib.
“Regional inteqrasiyanın iqtisadi məsələləri” (Economic Issues in Regional Integration) mövzusuna həsr olunan təlim BVF-nin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzi (CCAMTAC) tərəfindən təşkil edilib.
Təlim proqramı çərçivəsində regional iqtisadi inteqrasiyanın nəzəri və praktiki əsasları, optimal valyuta zonaları nəzəriyyəsi, ticarət və maliyyə inteqrasiyası, makroiqtisadi konvergensiya, eləcə də iqtisadi tsikllərin sinxronlaşması məsələləri ətraflı müzakirə olunub.
Bununla yanaşı, Qafqaz və Mərkəzi Asiya ölkələrinin iqtisadi göstəriciləri əsasında praktiki təhlillər aparılıb, ölkələrarası iqtisadi yaxınlaşma, maliyyə inteqrasiyası və regional əməkdaşlığın inkişaf perspektivləri qiymətləndirilib.