İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Bakıda həyata keçirilən dörd layihəni yerində monitorinq edib.
Səfər çərçivəsində “Dərnəgül” elektrik deposunun və Bənövşəyi xəttin “20 Sentyabr” (B4) stansiyasının tikintisi ilə tanışlıq olub. Həmçinin “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılması və “İçərişəhər” stansiyasında keçid kamerasının tikintisi üzrə iş aparılan sahələrə baxış keçirilib.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlının rəhbərlik etdiyi monitorinq səfərinin məqsədi Dövlət Proqramı üzrə görülən işlərin vəziyyətini yerində öyrənmək, layihələrin icra qrafikinə təsir edən məsələləri müəyyənləşdirmək və aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinə dəstək göstərməkdir.
Səfərdə İİTKM-lə yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Bakı Metropoliteni” QSC-nin və Nəqliyyatı Əlaqələndirmə Şurasının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli 456 nömrəli Sərəncamının 3-cü hissəsinə əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişi əsasında İİTKM tərəfindən həyata keçirilir.