23 noyabr 2026, 14:57

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən dövlət proqramları üzrə 2027-ci ildə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və nəticə indikatorları üzrə hədəf göstəricilərinin dəqiqləşdirilməsi üzrə müzakirələr yekunlaşıb.

Növbəti görüşdə “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın 2026-cı ilin hesabatlılığı və 2027-ci il üçün nəticə indikatorları üzrə hədəf göstəricilərinin dəqiqləşdirilməsi müzakirə olunub. Görüşdə İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Arzu Süleymanov, şöbənin əməkdaşları və tədbirlər planında əsas icraçı kimi müəyyən edilmiş qurumların nümayəndələri iştirak ediblər.

Tədbirlər Planında nəzərdə tutulan indikatorlar üzrə icraçı qurumlar tərəfindən həyata keçirilən koordinasiyalı fəaliyyətin təşkili hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə və  sərnişinlərin, yükün, baqajın, poçtun və bort ehtiyatlarının (qidalarının) daşınmasının sadələşdirilməsinə xidmət edir. Görüşdə Tədbirlər Planı çərçivəsində 2026-cı ildə görülmüş işlərin illik hesabatda əks etdirilməsi və əldə olunan nəticələrin müəyyən edilmiş göstəricilər əsasında qiymətləndirilməsi məsələləri müzakirə olunub. Həmçinin 2027-ci il üzrə indikativ planlaşdırma zamanı tədbirlərin cari icra vəziyyətinin nəzərə alınması və növbəti mərhələ üçün hədəf göstəricilərinin dəqiqləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 mart tarixli 520 nömrəli Sərəncamının 4-cü hissəsinə əsasən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az