23 noyabr 2026, 12:57

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Aqronomiya və bitki sağlamlığı: elmi biliklərdən praktiki təcrübəyə” mövzusunda konfrans keçirilib. Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müşaviri Bağış Əhmədov və Mərkəzin “Azexport” portalının rəhbəri Ayxan Qədəşov iştirak ediblər.

Konfransda Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, FAO rəhbərinin proqram üzrə köməkçisi Bariz Mehdiyev, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri, eləcə də dövlət və özəl sektorda fəaliyyət göstərən aqronomlar və mütəxəssislər qatılıblar.

“Azexport” portalının rəhbəri Ayxan Qədəşov tədbirdə geniş təqdimatla çıxış edib. O, aqrar sahədə mövcud ixrac statistikaları, sektorun investisiya imkanları və xarici bazarlarda daha çox sifariş alan yerli aqrar və aqrar-sənaye məhsulları barədə ətraflı məlumat verib. A. Qədəşov həmçinin Azərbaycanın aqrar ixracının əsas tendensiyalarını, sektordakı inkişaf istiqamətlərini və xarici bazarlara çıxış baxımından yüksək potensiala malik sahələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Konfransın əsas məqsədi aqronomiya və bitki sağlamlığı sahəsində elmi biliklərlə praktiki təcrübə arasında əlaqəni gücləndirmək, müasir texnologiyaların tətbiqini təşviq etmək və “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş prioritet hədəflərə töhfə vermək olub.

Panel sessiyaları və müzakirələrlə davam edən tədbirdə ixrac bazarlarında dəyişən tələblər, yerli məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması, bitki sağlamlığının qorunması, eləcə də dövlət qurumları, özəl sektor və elmi müəssisələr arasında əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az