İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Sevinc Cabbarova Səhiyyə Nazirliyində keçirilən “2026–2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair Tədbirlər Proqramı”nın icrası ilə bağlı iclasda iştirak edib. O, Tədbirlər Proqramının icrasının monitorinqi və qiymətləndirilməsi, 2026-cı il üzrə hesabatlılıq prosesinin təşkili və 2027-ci il üçün indikativ planlaşdırma məsələləri ilə bağlı təqdimat edib.
Sevinc Cabbarova bildirib ki, hazırda İİTKM tərəfindən 30-dan çox strateji siyasət sənədinin icrasının monitorinqi və qiymətləndirilməsi həyata keçirilir. Bu istiqamətdə əldə edilmiş təcrübə Tədbirlər Proqramının icra vəziyyətinin nəticə indikatorları əsasında qiymətləndirilməsi və icra prosesində yaranan çətinliklərin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Təqdimat zamanı qeyd olunub ki, Tədbirlər Proqramının 2026-cı il üzrə icrasına dair hesabatların əsas icraçı qurumlar tərəfindən 2027-ci ilin yanvar ayının sonunadək elektron portal vasitəsilə təqdim edilməsi nəzərdə tutulub. Hesabatlarda görülmüş işlərlə yanaşı, əldə edilmiş konkret nəticələrin, indikatorlar üzrə hədəflərin indikatorlar üzrə icra vəziyyətinin və təsdiqedici sənədlərin əks etdirilməsinin vacibliyi vurğulanıb. Hesabatlılıq prosesinin səmərəli təşkili məqsədilə dekabr ayında İİTKM tərəfindən aidiyyəti qurumların nümayəndələri üçün elektron portaldan istifadə qaydalarına dair təlimin keçiriləcəyi diqqətə çatdırılıb. Eyni zamanda, monitorinq və qiymətləndirmə hesabatlarının keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən layihələrin icra vəziyyətinin yerində öyrənilməsi üçün səfərlərin təşkilinin planlaşdırıldığı qeyd edilib.
İclasın sonunda Tədbirlər Proqramının icrası ilə bağlı növbəti fəaliyyət istiqamətləri, icraçı qurumlar arasında koordinasiyanın gücləndirilməsi, hesabatlılıq prosesinin təşkili və 2027-ci il üzrə indikativ planlaşdırma məsələləri müzakirə olunub.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, Tədbirlər Proqramında nəzərdə tutulan tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Səhiyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.