Azərbaycan ilə Vyetnam arasında münasibətlər son illərdə siyasi dialoqun güclənməsi, iqtisadi əməkdaşlığın genişlənməsi və humanitar əlaqələrin inkişafı ilə yeni mərhələyə qədəm qoyub. 2025-ci ildə Strateji tərəfdaşlıq haqqında Birgə Bəyənatın qəbul edilməsi bu əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni perspektivlər açır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi İlkin Qasımov bildirib ki, iqtisadi tərəfdaşlığın inkişafı baxımından Azərbaycan və Vyetnamın imkanları bir-birini tamamlayır. Vyetnamın Cənub-Şərqi Asiyanın dinamik iqtisadiyyatlarından biri kimi sənaye, istehsal və beynəlxalq ticarətdə rolunun artması, Azərbaycanın isə enerji resursları, inkişaf edən nəqliyyat infrastrukturu və əlverişli coğrafi mövqeyi iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün zəmin yaradır. Bu baxımdan, növbəti mərhələdə ticarətin şaxələndirilməsi, biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi, xüsusilə sənaye, kənd təsərrüfatı, emal və xidmət sahələrində yeni tərəfdaşlıqların qurulması iqtisadi münasibətlərin inkişafını sürətləndirə bilər. Bu isə öz növbəsində iki ölkə arasında 2025-ci ildə 150 milyon ABŞ dolları olan ticarət dövriyyəsinin artmasını şərtləndirir.
İlkin Qasımov energetika sahəsinin Azərbaycan-Vyetnam əməkdaşlığının əsas istiqamətlərindən biri olaraq qaldığını qeyd edib. Onun sözlərinə görə istər SOCAR və PetroVietnam arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorantumu, istərsə də Vyetnamın “ROX Group” şirkətinin Azərbaycanda tikinti, infrastruktur, o cümlədən, bərbaolunan enerji layihələrinə maraq göstərməsi bu faktı bir daha təsdiqləyir. Bu baxımdan, 2026-cı ildə Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər qeyd edilən istiqamətdə yeni imkanlar yaradır. Bu isə öz növbəsində Azərbaycanın yaşıl enerji sektorunun inkiafı və xarici investisiyaların cəlbi baxımından əhəmiyyətlidir.
Azərbaycan və Vyetnam arasında əlaqələrin dərinləşdirilməsindən danışarkən nəqliyyat-logistika sahəsini xüsusilə qeyd etmək lazımdır. 2026-cı ilin ilk doqquz ayında tranzit daşımalarının həcminin əvvəlki ilin müvafiq dövrünə nisbətən təxminən altı dəfə artaraq 8 min tonu ötməsi bu sahədə müsbət dinamikanı göstərir. Azərbaycanın Orta Dəhliz və "Şimal–Cənub" nəqliyyat dəhlizlərində iştirakı Vyetnam yüklərinin Avropa və digər bazarlara daşınması üçün alternativ imkanlar təqdim edir.
Azərbaycan–Vyetnam münasibətlərinin inkişafında humanitar, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq da xüsusi yer tutur. İki ölkə arasında uzun illər ərzində formalaşmış əlaqələr bu gün müxtəlif sosial, təhsil və mədəni təşəbbüslərlə davam etdirilir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələr və Azərbaycanın təbii fəlakətlər zamanı göstərdiyi humanitar dəstək qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir. Eyni zamanda, vaxtilə minlərlə Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması və mövcud akademik əməkdaşlıq ənənələri iki ölkə arasında insan kapitalının inkişafı və bilik mübadiləsi üçün əlverişli zəmin yaradır. Mədəniyyət sahəsində tarixi əlaqələrin müxtəlif tədbirlər və birgə təşəbbüslərlə davam etdirilməsi isə xalqlar arasında qarşılıqlı tanınmanı gücləndirir. Bu baxımdan humanitar və mədəni əməkdaşlığın genişləndirilməsi yalnız dostluq münasibətlərinin möhkəmlənməsi üçün deyil, həm də turizm, təhsil, yaradıcı sənayelər və digər sahələrdə iqtisadi tərəfdaşlığın inkişafı üçün əlavə imkanlar yaradır.
Azərbaycan ilə Vyetnam arasında münasibətlərin hazırkı inkişaf mərhələsi əməkdaşlığın ənənəvi istiqamətlərdən kənara çıxaraq daha geniş iqtisadi və humanitar sahələri əhatə etdiyini göstərir. İki ölkənin mövcud imkanları və qarşılıqlı maraqları ticarət, investisiya, energetika və nəqliyyat-logistika sahələrində yeni təşəbbüslərin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Eyni zamanda, tarixi dostluq ənənələri, təhsil və mədəni əlaqələr bu əməkdaşlığın uzunmüddətli inkişafını dəstəkləyən mühüm amillərdir. Qarşıdakı dövrdə əsas məsələ mövcud imkanlardan daha səmərəli istifadə edilməsi, iqtisadi əlaqələrin şaxələndirilməsi və qarşılıqlı fayda yaradan birgə layihələrin genişləndirilməsidir. Bu istiqamətdə atılacaq addımlar Azərbaycan–Vyetnam strateji tərəfdaşlığının praktiki əhəmiyyətini artırmaqla yanaşı, münasibətlərin daha dayanıqlı və çoxşaxəli inkişafına töhfə verə bilər.