İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən dövlət proqramları üzrə 2027-ci ildə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və nəticə indikatorları üzrə hədəf göstəricilərinin dəqiqləşdirilməsi üzrə müzakirələr davam edir.
Növbəti görüşdə İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Arzu Süleymanov, şöbənin əməkdaşları və tədbirlər planında əsas icraçı kimi müəyyən edilmiş qurumların nümayəndələrinin iştirakı ilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” üzrə 2026-cı ilin hesabatlılığı və 2027-ci il üçün nəticə indikatorları üzrə hədəf göstəricilərinin dəqiqləşdirilməsi müzakirə olunub.
Görüşdə Dövlət Proqramının tədbirlər planı çərçivəsində 2026-cı ildə görülmüş işlərin hesabatlılığı, faktiki nəticələrin müəyyən edilmiş hədəflərlə müqayisəsi və icra vəziyyətini təsdiqləyən məlumatların təqdim olunması məsələlərinə baxılıb. Növbəti ilin hədəfləri müəyyənləşdirilərkən layihələrin cari icra vəziyyətinin, işlərin mərhələlər üzrə qrafikinin və icraçı qurumlar arasında koordinasiya tələb edən məsələlərin nəzərə alınmasının əhəmiyyəti vurğulanıb.
Müzakirələrdə, həmçinin 2027-ci il üzrə hədəf göstəricilərinin konkret icra mərhələlərinə uyğun müəyyənləşdirilməsi, nəticələrin qiymətləndirilməsi üçün məlumat mənbələrinin dəqiqləşdirilməsi məsələlərinə toxunulub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli 456 nömrəli Sərəncamının 3-cü hissəsinə əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişi əsasında İİTKM tərəfindən həyata keçirilir.